AVARÇƏKƏNLƏR KÜR ÇAYINDA HƏR GÜN 40 KM MƏSAFƏ QƏT EDİRLƏR
Bakı, 25 fevral (AZƏRTAC). Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində müntəzəm məşqlərə başlamışdır. Yığmanın almaniyalı baş məşqçisi Rüdiger Hauffe və onun köməkçiləri Samir Məmmədov və Aleksandr Barabanov idmançıların hazırlıq səviyyələrinin yüksəldilməsi istiqamətində birgə fəaliyyətlərini davam etdirirlər.
Samir Məmmədovun rəhbərlik etdiyi 23 yaşadək yığmamızda Aqşin Məmmədov, Fuad Mirzəyev və Kamran Yusubov 1 nəfərlik, Turqay Məmmədov - Mirzə Eyvazov dueti 2 nəfərlik qoşa avarlı qayıqlar üçün müəyyənləşdirilmişlər.
Gənclərdən ibarət və əsas komanda üçün layiqli ehtiyat qüvvə Aleksandr Barabanovun rəhbərliyi altında yetişməkdədir. 18 yaşadək avarçəkənlərin yer aldığı millidə Telman Həbibli - Əbdürəşid Mustafin, Nicat Mehdiyev - Aleksandr Jukov, Sərxan Hüseynov - Kərim Əsgərov cütlükləri 2 nəfərlik qoşa avarlı, Zaur Əhmədov - Kamran Talıbov dueti 2 nəfərlik təkavarlı qayıqlarda qüvvələrini sınayırlar.
Hauffe idmançılar arasından 5 ən perspektivlisini seçərək, əsas komandaya cəlb etmişdir. Cavid Əfəndiyev, Toğrul Qurbanzadə və Aleksandr Jdanov 1 nəfərlik qayıqlarda çıxış üçün müəyyənləşdirilmişlər. Timur Kutseba - Aleksandr Qlotov dueti isə 2 nəfərlik təkavarlı qayıqlar üzrə ixtisaslaşmışlar.
Avarçəkənlər qışın ən soyuq ayı sayılan fevralda Kür çayında qayıqla gündəlik 35-40 km məsafə qət etməkdən çəkinmirlər. Üstəlik, onlar həftədə 3 dəfə trenajor zalında fiziki hazırlıq səviyyələrini artırmaqla məşğuldurlar.