AVCİYA-nın təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ziyalıların, ictimaiyyət, QHT və KİV nümayəndələrinin iştirak etdikləri “dəyirmi masa”da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qanlı Yanvar hadisələrindən danışan AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirmişdir ki, SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına və digər böyük şəhərlərinə xüsusi təyinatlı qoşunlar yeridilmiş və dinc əhaliyə qarşı qırğınlar törədilmişdir. Nəticədə 147 nəfər qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır.
Qərb Universitetinin professoru Altay Zahidov 20 Yanvar hadisəsinə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini və məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu faciəyə tam siyasi-hüquqi qiymətin verildiyini vurğulamışdır.
Tədbirdə çıxış edənlər 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyəti xüsusi qeyd etmişlər.