İDMAN
AVF-nin prezidenti Avropa Motosikletçilər İttifaqının keçmiş vitse-prezidenti ilə görüşüb
![AVF-nin prezidenti Avropa Motosikletçilər İttifaqının keçmiş vitse-prezidenti ilə görüşüb](/files/2023/1/1200x630/1682755491638009702_1200x630.jpg)
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Avropa Motosikletçilər İttifaqının keçmiş vitse-prezidenti Mişel Turk ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Lüksemburqdan olan idman funksioneri Avropada motosiklet idmanının hazırkı vəziyyəti və inkişafı haqqında məlumat verib.
M.Quliyev isə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, bədən tərbiyəsi və idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
AVF-nin prezidenti müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, yeni və müasir standartlara uyğun yolların inşası, həmçinin digər quruculuq işləri haqqında geniş məlumat verib.
O, gənclərin motosiklet idmanına böyük maraq göstərdiklərini, bu idman növünün Azərbaycanda populyar olduğunu bildirib.
M.Quliyev ölkəmizdə motosiklet idmanı üzrə yarışların keçirilməsi üçün inşa edilən yeni motokross treki, motoidmanın inkişafı istiqamətində aparılan digər işlər haqqında danışıb.
Görüş zamanı birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.