Avinyon Festivalının iştirakçıları Makrona müraciət edib: “Hər şeyi məhv edən şəxs siz olmayın”
Paris, 14 iyul, AZƏRTAC
Fransanın nüfuzlu Avinyon Teatr Festivalında iştirak edən rejissorlar və teatr xadimləri prezident Emmanuel Makrona açıq müraciət ünvanlayaraq, canlı səhnə sənətinə ayrılan büdcə ixtisarlarının dərhal ləğv edilməsini tələb ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə festival çərçivəsində oxunan müraciətdə yazılıb. Bildirilib ki, büdcə kəsintiləri onilliklər ərzində aparılan mədəniyyət siyasətinin yaratdığı nailiyyətləri təhlükə altına qoyur. “Tarixin hansı tərəfində dayanacağınıza qərar verməyin vaxtıdır. Hər şeyi məhv edən şəxs siz olmayın”, – deyə müraciətdə vurğulanıb.
Müraciətdə bildirilib ki, ardıcıl büdcə ixtisarları və planlaşdırılan yeni kəsintilər vəziyyəti son dərəcə kritik həddə çatdırıb. Onların sözlərinə görə, mədəniyyət sahəsinə ayrılan vəsait dövlət büdcəsinin cəmi 0,7 faizini təşkil edir.
“İncəsənət və mədəniyyət sahəsində dövlət xidmətləri sənətçilərə verilmiş imtiyaz deyil. Necə ki, xəstəxanalar tibb işçiləri, məktəblər isə müəllimlər üçün imtiyaz sayılmır. Bu, hamının ortaq sərvətidir”, – deyə müraciətdə vurğulanıb.
Teatr xadimləri xəbərdarlıq ediblər ki, maliyyə çatışmazlığı nəticəsində tamaşalar proqramdan çıxarılır, teatr mövsümləri son anda ixtisar edilir, yaradıcı, texniki və inzibati heyət getdikcə daha qeyri-sabit şəraitdə işləyir, bir çox mədəniyyət müəssisəsi isə öz əsas missiyasını yerinə yetirməkdən imtina etməyə məcbur qalır.
“Arxanızda belə bir dağıntı mənzərəsi qoymaq istəyirsinizmi?” – deyə müraciət müəllifləri Fransa Prezidentinə ünvanladıqları çağırışda bildiriblər.