“Avro-2016”: Beşinci gün
Bakı, 15 iyun, AZƏRTAC
İyunun 14-də - futbol üzrə XV Avropa çempionatının beşinci günündə “F” qrupu çərçivəsində iki oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Stad de Bordo” stadionunda Avstriya və Macarıstan yığma komandaları arasında oynanılan ilk görüşü fransalı referi Klemen Turpin idarə edib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb.
Fasilədən sonra Macarıstan millisi rəqib qapısından iki cavabsız top keçirərək oyunun qalibi olub. Matçın 62-ci dəqiqəsində Fiola ilə Szalai divar ötürmələri ilə Avstriyanın müdafiə xəttini yarıblar. Bu kombinasiyadan sonra avstriyalı qapıçı Almer ilə təkbətək qalan Szalai mübarizədən qalib ayrılıb - 1:0.
Oyunun 66-cı dəqiqəsində isə avstriyalıların heyətində Draqoviç ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub.
Matçın 87-ci dəqiqəsində Avstriya yığmasını əks-hücumda yaxalayan Macarıstan millisi hesab arasındakı fərqi artırıb. Prişkinin ötürməsindən sonra sürətlə rəqibin cərimə meydançasına daxil olan Stiber topu qapıçının başı üzərindən qapıya göndərib - 2:0.
Günün ikinci oyununda isə Portuqaliya və İslandiya milli komandaları qarşılaşıb. Sent-Etyen şəhərindəki “Cefri Quşar” stadionunda keçirilən matçı türkiyəli baş hakim Cüneyd Çakır idarə edib.
Avropa çempionatının debütantı İslandiya yığmasının qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradan Portuqaliya millisi 31-ci dəqiqədə hesabı açıb. Andre Qomeşin ötürməsindən sonra Nani yaxın küncü dəqiq nişan alıb - 1:0. İlk hissə bu hesabla da başa çatıb. Bu, Portuqaliya millisinin Avropa çempionatlarının final mərhələlərində 41-ci qolu olub.
Portuqaliya yığması fasilədən sonra təzyiqləri artırsa da, islandiyalılar nadir hücumların birində hesabı bərabərləşdiriblər. Oyunun 50-ci dəqiqəsində Yohan Qudmunsonun ötürməsindən sonra rəqib müdafiəçilərin səhvindən istifadə edən Birkin Byarnason oyunda tarazlığı bərpa edib - 1:1.
Qoldan sonra portuqaliyalılar bir-birinin ardınca çoxsaylı qol vəziyyətləri yaradıblar. Lakin 20-dən çox qol cəhdinə baxmayaraq, portuqaliyalılar rəqib qapısına ikinci dəfə yol tapa bilməyiblər və matç bu hesabla da başa çatıb.
Bu matç "Avro-2008"in qrup mərhələsinin ilk turunun sonuncu oyunu olub. İlk turdan sonra "F" qrupuna üç xalla Macarıstan yığması başçılıq edir. Aktivlərinə bir xal yazdıran Portuqaliya və İslandiya yığmaları ikinci-üçüncü yerləri bölüşürlər. İlk oyunda məğlubiyyətlə üzləşən Avstriya millisi isə sonuncu pillədə qərarlaşıb.
Qrup mərhələsinin ikinci turu çərçivəsində iyunun 18-də Portuqaliya-Avstriya və Macarıstan-İslandiya oyunları keçiriləcək.
İyunun 15-də - "Avro-2016"nın altıncı günündə keçiriləcək üç oyunla qrup mərhələsinin ikinci turuna start veriləcək. Bakı vaxtı ilə saat 17:00-da "B" qrupunda yer alan Rusiya və Slovakiya yığma komandaları qarşılaşacaq. Digər iki görüşdə isə "A" qrupunun komandaları mübarizə aparacaq.
Saat 20:00-da Rumıniya və Isveçrə yığma komandaları üz-üzə gələcək. Saat 23:00-da isə çempionatın ev sahibi - Fransa millisi Albaniya yığmasını sınağa çəkəcək.