Avropa Azərbaycan Cəmiyyəti “Xocalıya ədalət!” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirməyi planlaşdırır
Bakı, 14 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Justice for Khojaly!” (Xocalıya ədalət!) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (AAC) tariximizin qanlı səhifələrindən olan bu soyqırımın 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirməyi planlaşdırır.
Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, fevralın 16-dan 24-dək keçiriləcək silsilə tədbirlərə London, Dublin, Berlin, Brüssel, Paris, Strasburq, Lüksemburq, Bern, Roma, Vilnüs, İstanbul və Ankara şəhərlərində “Endless Corridor” (Sonsuz Dəhliz) adlı sənədli filminin nümayişi, “Khojaly Witness of a war crime - Armenia in the Dock” (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabının təqdimatı, həmçinin xocalılıların xatirəsinə həsr olunan anım konserti daxildir.
“Endless Corridor” sənədli filminin prodüseri litvalı Aleksandr Brokasdır. Filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında keçirilib. Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib. Qeyd edək ki, həmin film üzərində 5 ilə yaxın çalışan A.Brokas regiondakı vəziyyətə müstəqil nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə işləyib. İngilis dilində səsləndirilən film AAC tərəfindən, eləcə də Azərbaycan, türk, fransız, italyan, ispan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilinə isə dublyaj olunub.
“Khojaly Witness of a war crime - Armenia in the Dock” adlı kitab ingilis dilində Londonun “İTHACA PRESS” nəşriyyatında çap edilib. Kitab rus və türk dillərinə də tərcümə olunub. Hazırda kitab ispan və fransız dillərində nəşrə hazırlanır. O, Xocalı hadisələrini ilkin mənbələrə əsasən sənədləşdirən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur. Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatları yer alıb. Xarici fotomüxbirlərin (Viktoriya İvleva, Frederik Lenqaiqn, Devid Brauxli, Klaus Reysinger, Lin Heng Shing və George de Kerl) lentə aldıqları nadir fotoşəkillər də kitabda xüsusi yer tutur.
Tədbirlərə deputatlar, siyasətçilər, diplomatlar, ictimaiyyət nümayəndələri və jurnalistlər dəvət olunublar.