AVROPA ÖLKƏLƏRİ BAŞ PROKURORLARININ KONFRANSI
Rusiyanın Baş prokuroru Yuri Çaykanın sədrliyi ilə keçirilən konfransda RF Prezidenti Vladimir Putin də iştirak etmişdir.
İkigünlük konfransın iştirakçıları transmilli cinayətkarlıqla mübarizədə, insan hüquqlarının müdafiəsində Avropa dövlətlərinin səylərini əlaqələndirmək məsələlərini, habelə bütün Avropa ölkələri prokurorluqlarının fəaliyyətində əsas istiqamət olan şəxsiyyətin müdafiəsində prokurorluq orqanlarının rolunu nəzərdən keçirirlər.
Konfrans çərçivəsində Avropa ölkələri baş prokurorlarının Məşvərət Şurası yaradılacaqdır. Bu qurum Avropa ölkələrinin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyəti möhkəmləndirməlidir.
Azərbaycanın Baş prokuroru Zakir Qaralov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, konfrans bütün ölkələr üçün çox mühüm hadisədir, çünki gündəlikdəki məsələlər qlobal xarakter daşıyır. Forumun əsas məqsədi Avropa Şurası ölkələrinin prokurorluqları arasında daha sıx qarşılıqlı fəaliyyəti təmin etmək və yaradılacaq Məşvərət Şurasının rolunu gücləndirməkdir. Hazırda ölkəmizin qanunvericiliyi Avropa Şurasının standartlarına tam uyğunlaşdırılmışdır. Bu isə bizə avropalı həmkarlarla qarşılıqlı fəaliyyət üçün geniş şərait yaradır, habelə Avropa qurumlarına daha sıx inteqrasiya olmağa imkan verir.
Baş prokuror demişdir ki, konfransın gedişində onun rusiyalı həmkarı Y.Çayka ilə, habelə Macarıstan, Avstriya və digər dövlətlərin prokurorları ilə ikitərəfli məsləhətləşmələri olmuşdur. Qarşılıqlı münasibətlər təkcə Rusiya ilə deyil, Avropanın digər ölkələri ilə də fəal və uğurla inkişaf edir. Azərbaycan və Rusiyanın prokurorluqları arasında heç bir problem yoxdur. Biz cinayətlərin açılmasında və cinayətkarların təhvil verilməsində bir-birimizə daim hüquqi yardım göstəririk.
Z.Qaralov bildirmişdir ki, Azərbaycan nümayəndə heyəti bu görüşə ölkəmizdə aparılan islahatlar barədə ətraflı məlumat hazırlamış və onu iştirakçılar arasında yaymışdır. Buraya Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında informasiya da daxildir. Bu münaqişə barədə informasiyanın avropalı həmkarlara və dünya birliyinə çatdırılması işi gələcəkdə də bütün səviyyələrdə davam etdiriləcəkdir.
Xatırladaq ki, konfrans “böyük səkkizlik” liderlərinin iyulun 15-də Sankt-Peterburqda başlanacaq zirvə toplantısı ərəfəsində keçirilir.