İDMAN
Avropa Oyunları üçün Minskdə yeni idman obyektləri tikiləcək
Bakı, 23 dekabr, AZƏRTAC
Avropa Oyunları üçün Minskdə yeni idman obyektləri tikiləcək.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets bildirib.
A.Şorets deyib: “Əsas məsələ açılış mərasimi üçün “Dinamo” adlı yüngül atletika stadionu inşa etməkdir. Biz onu gələn ilin sonu üçün işə salacağıq”.
O məlumat verib ki, Oyunların keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb, idman yarışlarının təşkilinə cəlb ediləcək obyektlər müzakirə edilir. Bu əlamətdar idman turnirinə hazırlıq zamanı 2014-cü ildə keçirilmiş xokkey üzrə dünya çempionatının müsbət təcrübəsi nəzərə alınacaq. Qonaqpərvərlik zonaları təşkil etmək də nəzərdə tutulur.
Şəhərin hakimiyyət orqanları ümid edirlər ki, həmin dövrdə Minskə çoxlu qonaq gələcək.
2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsi hüququ Belarusa Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının bu ilin oktyabrında Minskdə keçirilən 45-ci iclasında verilib. Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Azərbaycanın paytaxtında keçirilib.