AVROPA ŞURASI TƏKRAR SEÇKİLƏRİN DEMOKRATİK VƏ ŞƏFFAF KEÇİRİLMƏSİNDƏ MARAQLIDIR
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirmişdir ki, iclasda may ayında ölkəmizdə keçiriləcək təkrar seçkilərlə bağlı fikir mübadiləsi də aparılmışdır. Nümayəndə heyətimizin üzvləri çıxış edərək, yanvar sessiyasından sonra bu istiqamətdə Azərbaycanda görülmüş işlər barədə ətraflı məlumat vermişlər.
Komitənin üzvləri qısa bir vaxtda Azərbaycanda görülmüş tədbirləri vurğulamış, müxalifətin parlamentə gəlişini, təkrar seçkilərdə iştirakını, parlamentin beynəlxalq təşkilatlarla normal və konstruktiv fəaliyyətini yüksək qiymətləndirmişlər.
Bu isə o deməkdir ki, Avropa Şurası həmin seçkilərin demokratik və şəffaf keçirilməsində çox maraqlıdır.
Avropa Şurası may ayındakı seçkilərlə bağlı xüsusi tədbirlər planı hazırlamış və təsdiq etmişdir. Avropa Şurasının nümayəndəsi iclasda elan etmişdir ki, müşahidəçilərin ölkəmizə gəlişi, onların sərbəst şəkildə, heç bir problem olmadan seçkiləri müşahidə etmələri üçün yaradılan şərait Azərbaycan tərəfindən atılmış çox müsbət və konstruktiv addım kimi qiymətləndirilməlidir.