Avropa Universitet Oyunları: Azərbaycan badmintonçularından ibarət komanda növbəti dəfə uduzub
Debretsen, 19 iyul, AZƏRTAC
Azərbaycan badmintonçularından ibarət komanda Macarıstanın Debretsen şəhərində keçirilən tələbələrin Avropa Universitet Oyunlarında növbəti matçına çıxıb.
AZƏRTAC xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyasının tələbələri Fransanın Bordo Universitetinin idmançıları ilə üz-üzə gəliblər.
Qarışıq qoşa kateqoriyasında yarışan Rəvan Niftəliyev və Nigar Əliyeva cütlüyü Simon Baron-vezilier və Roman Haensler tandeminə 2:0 (21:8, 21:7) hesabı ilə məğlub olub.
Kişi badmintonçuların şəxsi yarışında Aqil Qabilov Valentin Sinqerə, qadın badmintonçuların şəxsi yarışında isə Nərmin Şərifova Floriyan Nuritə hər iki setdə yenilib.
Kişi və qadın badmintonçuların qoşa yarışında da rəqib Azərbaycan komandasından üstün olub.
Beş kateqoriyanın hər birində rəqibinə uduzan Azərbaycan badmintonçuları sabah Macarıstan İdman Elmləri Universitetinin tələbələri ilə qarşılaşacaqlar.
Badminton yarışlarına iyulun 24-də yekun vurulacaq.