AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI “AZƏRDƏMİRYOLBANK”IN SƏHMDARIDIR
Azərbaycanın bank sistemində ilk dəfədir ki, AYİB yerli bank hər hansı digər bankla birləşdirilmədən onun səhmdarlarından birinə çevrilir.
Sazişin ilkin dəyəri 2,375 milyon dollar məbləğində qiymətləndirilir. Lakin hazırda “Azərdəmiryolbank”ın bütün əsas fondları yenidən qiymətləndirildiyinə görə, müqavilənin imzalanmasından asılı olmayaraq, AYİB ilə razılaşmaya əsasən ödəniş məsələsi açıq qalır. Bankın bütün əsas fondları yenidən qiymətləndirildikdən sonra AYİB lazımi məbləğdə vəsait yatıracaqdır. Sənəddə bu məqamlar da əksini tapmışdır. Təzə səhmdarın meydana gəlməsi ilə əlaqədar noyabrın 26-da “Azərdəmiryolbank” səhmlərin yeni emissiyasını elan edəcəkdir. Bunun nəticəsində bankın nizamnamə kapitalı 14 milyard manat, yəni 22 milyard manatdan 36 milyard manatadək artacaqdır. Həmin emissiya çərçivəsində 9 milyard manat + 1000 manatlıq (səhmin nominal dəyəridir) səhmlər AYİB-ə satılacaq, qalan səhmləri isə bankın səhmdarları alacaqdır.
“Azərdəmiryolbank” və AYİB mikro və kiçik biznesin maliyyələşdirilməsi proqramı çərçivəsində kredit müqaviləsi də imzalamışlar. Azərbaycan bankına əsas borcun ödənilməsini iki il müddətinə təxirə salmaq və libor + 5 faiz dərəcəsi ilə 5 il müddətinə 1 milyon dollarlıq kredit xətti açılacaqdır.
Kreditlər alkokol və tütün məhsulu, habelə ekoloji tələblərə uyğun olmayan məhsullar istehsalı sahəsində layihələr istisna olmaqla, kiçik və orta sahibkarlığa yönəldiləcəkdir.
Bundan başqa, ticarətin maliyyələşdirilməsi üçün bu banka limit 2 milyon dollar artırılır. Azərbaycan bankı həmin proqrama 1998-ci ildə qoşulmuşdu və o vaxt limit 1 milyon dollar həddində məhdudlaşdırılmışdı. İndi isə bu, 3 milyon dollaradək artırılmışdır. Beləliklə, AYİB “Azərdəmiryolbank”a üst-üstə 7,5 milyon dollar məbləğində kredit ayrılmasını dəstəkləmişdir.