Avstraliyada aborigenlərin hüquqları ilə bağlı referendum keçirilir
Bakı, 14 oktyabr, AZƏRTAC
Avstraliyada aborigen azlıqların konstitusion hüquqlarının tanınması üçün tarixi referendum keçirilir.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, milyonlarla avstraliyalı yerli vaxtla səhər saat 8-dən axşam saat 6-ya qədər açıq olan seçki məntəqələrinə gedir. Avstraliyanın Baş naziri Entoni Albaniz bildirib: "Avstraliyalıların bu gün tarix yazmaq şansı var. Nəhayət, Konstitusiyamızda yerli avstraliyalıların hüquqları tanınacaq və bununla bağlı məşvərət komitəsi yaradılacaq”.
Avstraliya Seçki Komissiyası referendum çərçivəsində 17,67 milyondan çox avstraliyalının 7 mindən artıq məntəqədə səsvermədə iştirak etdiyini bildirib.
Referendum sayəsində əcdadları ən azı 60 min il bu qitədə yaşamış yerli avstraliyalılar ilk dəfə olaraq parlamentdə iştirak etmək üçün konstitusiya hüququ əldə edəcəklər. Avstraliyanın 2023-cü il Konstitusiya dəyişikliyi layihəsi (Aborigen və Torres boğazı adaları sakinlərinin səsi) iyunun 19-da qəbul edilib. Bu sənədə əsasən, aborigen və Torres boğazı adaları xalqına təsir edən qanunvericilik və siyasətlə bağlı tədbirlər görüləcək, habelə yerli idarəçilik orqanı təsis ediləcək.
Aborigenlər 65 min ildən artıqdır ki, Avstraliyada məskunlaşan ilk xalqlardır. Onlar, əsasən, Tasmaniya adasında və Torres boğazı adalarında yaşayırlar. Aborigenlər 600-dən çox qəbilələrlə bölünüb, onların hər birinin öz dili, mədəniyyəti və adət-ənənələri var.
Avstraliya İnsan Haqları Komissiyasının məlumatına görə, 1788-ci ildə Britaniyanın müstəmləkəsinə çevriləndən bəri qitənin yerli xalqları ənənəvi mədəniyyət və vətənlərinin itirilməsindən tutmuş vətəndaşlıq hüquqlarının rədd edilməsinə qədər böyük çətinliklərlə üzləşiblər.