Avstraliyanın Baş naziri: Culian Assanjın vətənə qaytarılmasının vaxtı çatıb
Bakı, 21 fevral, AZƏRTAC
Avstraliyanın Baş naziri Entoni Albanez Böyük Britaniyada həbsdə olan “WikiLeaks” portalının qurucusu Culian Assanjın öz vətəninə qaytarılmasının vaxtının çatdığını bəyan edib.
AZƏRTAC xəbər verir ki, Entoni Albanez bunu “Radio Sidney” radiostansiyasında Böyük Britaniya Ali məhkəməsində ABŞ-a ekstradisiyası ilə bağlı apelyasiya şikayətinə baxılacaq Culian Assanjla bağlı açıqlamasında deyib.
Mövzuya dair fikirlərini Vaşinqton və Londona çatdırdığını qeyd edən Baş nazir prosesin Culian Assanjın xeyrinə nəticələnməsi üçün onun hüquq komandası ilə müntəzəm görüşdüyünü bildirib. O, həmçinin diplomatik kanallar vasitəsilə hər iki ölkə ilə əlaqə saxladıqlarını vurğulayıb.
Ötən həftə ölkə parlamenti Avstraliya vətəndaşı olan Culian Assanjın vətənə qaytarılmasını tələb edən qətnamə qəbul edib.
Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.
2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti avstraliyalıya qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.