Avstriya Həkimlər Palatasının rəhbəri hökuməti peyvənd alışında müstəqil fəaliyyətə çağırıb
Vyana, 31 mart, AZƏRTAC
Avstriya Həkimlər Palatasının prezidenti Tomas Sekereş ölkə hökumətini koronavirusa qarşı peyvənd alışında müstəqil fəaliyyətə çağırıb.
AZƏRTAC xəbər verir ki, o, Avstriya Teleradiosuna (ORF) müsahibəsində Avropa İttifaqının peyvənd alışında uğursuzluğa düçar olduğunu bildirib. Onun sözlərinə görə, Avropanı ABŞ, Böyük Britaniya və ya İsraillə müqayisə etdikdə, peyvənd vurulmuş əhalinin ümumi nisbətində vəziyyətin qeyri-qənaətbəxş olduğu aydın olur. Buna görə də Avstriya peyvənd alışında öz yolunu tutmalı və müstəqil fəaliyyətə keçməlidir. Ölkədə vaksinasiya kampaniyasını sürətlə davam etdirə bilmək üçün ən qısa zamanda böyük miqdarda peyvənd dozaları alınmalıdır.
T. Sekereş, həmçinin Aİ qurumları çərçivəsində müxtəlif istehsalçıların peyvəndlərinə icazə proseduru və peyvənd alışındakı ləngimələri də tənqid edib. Bürokratik əngəllər nəticəsində yaranmış ləngimələrin nəticə etibarilə infeksiyaya yoluxmanın artması, karantin rejiminə görə ölkə iqtisadiyyatının geriləməsi və əhalinin normal həyata geri dönməsinə imkan verməməsinə gətirib çıxarması ilə izah olunub.
Palata prezidenti yoluxma statistikasının öz-özünə aşağı düşməyəcəyini, vaksinasiya prosesinin sürətləndirilməli olduğunu və bunun üçün hökumətin istənilən başqa mənbədən ala biləcəyi etibarlı peyvənd dozasının hər birinə görə öncədən minnətdarlığını ifadə edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana