Avstriya iqtisadiyyatı bu il təqribən 5-7 faiz geriləyəcək
Vyana, 23 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkəsində olduğu kimi Avstriyada da iqtisadi geriləmə qaçılmazdır. Avstriya İqtisadi Tədqiqatlar İnstitutunun (WIFO) araşdırmalarına görə, iqtisadi geriləmə 5,25-7,5 faiz arasında olacaq.
AZƏRTAC xəbər verir ki, ekspertlərin fikrincə, pandemiyanın iqtisadiyyata nə qədər ağır zərbə vuracağı barədə dəqiq fikir söyləmək tezdir. İqtisadiyyatın nə qədər geriləyəcəyi hələ məlum deyil, çünki bu, həm qonşu, həm sıx iqtisadi tərəfdaşlıq əlaqələri qurulmuş ölkələrdəki iqtisadi vəziyyətdən asılı olacaq.
WIFO-nun məlumatına görə, iqtisadi geriləmə ilə yanaşı, dövlət büdcəsində kəsir 7,5-10 faiz arasında ola bilər. Avstriya aprel ayının ortasından etibarən iqtisadiyyatın əsas sahələrində fəaliyyəti bərpa etsə də, hazırda ölkədə 600 min nəfərlik işsizlər ordusu meydana gəlib. İşsizlərin müavinətlə təminatı, bağlı müəssisələrin vergi yükündən azad edilməsi, kiçik və orta sahibkarlara dövlət yardımları dövlət büdcəsində çətin vəziyyət yaradıb.
Ekspertlər pandemiyanın qarşısının alınacağı və gələn il təkrarlanmayacağı təqdirdə ölkə iqtisadiyyatının 2021-ci ildə 3,5 faiz inkişaf edə biləcəyini və 2024-cü ildə iqtisadiyyatın koronavirus pandemiyasından öncəki vəziyyətə çatacağını proqnozlaşdırırlar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana