AVSTRİYA MƏTBUAT AGENTLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avstriya Mətbuat Agentliyinin (APA) baş direktoru Dr. Volfqanq Vislozilin rəsmi dəvəti ilə Vyanada səfərdə olan AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 23-də agentliyin mərkəzi ofisində olmuşdur.
APA-nın rəhbəri, EANA-nın prezidenti V.Vislozil onun dəvətini qəbul etdiklərinə görə qonaqlara təşəkkür etmiş və belə səfərlərin hər iki agentlik arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyini bildirmişdir.
Söhbət zamanı V.Vislozil Avstriya Mətbuat Agentliyinin tarixi, hazırkı strukturu, fəaliyyəti və gələcək perspektivləri barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, əsası 1849-cu ildə qoyulan APA hazırda dünyanın dörd ən qocaman xəbər agentliyindən biridir. Zəngin tarixə malik və ötən dövrdə müxtəlif adlar altında fəaliyyət göstərən APA hazırda Mərkəzi və Şərqi Avropanın ən nüfuzlu xəbər agentliyidir. Burada 600-dən artıq işçi vardır.
Sonra qonaqlar APA-nın mərkəzi ofisi ilə tanış olmuşlar. 370 əməkdaşın çalışdığı mərkəzi ofis ən müasir texniki avadanlıqla təchiz edilib və agentliyin milyonlarla mətn, audio, video, foto, infoqrafika və digər materiallarının saxlandığı məlumat bankı da buradan idarə edilir. Agentliyin hazırda 20 minədək müştərisi (kütləvi informasiya vasitələri, dövlət orqanları, beynəlxalq qurumlar, firmalar, siyasi partiyalar və sair) vardır.
APA-nın mərkəzi ofisində müxtəlif redaksiyalar ayrı-ayrı otaqlarda deyil, geniş bir zalda baş redaktor pultunun ətrafında yerləşdirilmişdir. Bu sistemın tətbiqi əməkdaşlar arasında birbaşa ünsiyyət imkanını artırır və vaxt itkisi olmadan işin səmərəliliyini təmin edir. APA-nın ilk dəfə tətbiq etdiyi bu üsul artıq bir sıra agentliklər tərəfindən nümunə kimi qəbul edilib və struktur dəyişikliyi zamanı nəzərə alınır.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bu görüşdən və dünya agentlikləri üçün nümunə olan APA ilə tanışlıqdan məmnun olduğunu bildirmiş və hər iki agentlik arasında əlaqələrin bundan sonra daha da dərinləşəcəyinə əminliyini söyləmişdir.