Avstriyalı mütəxəssislər Möminə Xatun türbəsinin bərpası işlərində iştirak etmək üçün Naxçıvana gəliblər
Naxçıvan, 14 may, AZƏRTAC
Azərbaycan memarlığının incisi sayılan Möminə Xatun türbəsində dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq başlanılan bərpa və konservasiya işləri davam etdirilir. Ölkəmizdə elan edilən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu layihə tarixi irsimizin qorunması istiqamətində ən mühüm addımlardan biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda türbə ətrafında bərpa prosesini təmin etmək məqsədilə xüsusi metal konstruksiyaların quraşdırılması mərhələsinə başlanılıb. Bu işlərin yüksək peşəkarlıqla həyata keçirilməsi üçün Avstriyanın “Tralsmauer Gerüstbau Gmbh” şirkətinin rəhbəri Mustafa Ərdoğan və şirkətin mütəxəssis heyəti Naxçıvana gəliblər.
Məlumat üçün bildirək ki, bərpa və konservasiya işlərinin həyata keçirilməsi üçün Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti ilə müqavilə imzalanıb və ötən il şirkətin mütəxəssisləri Naxçıvana gələrək ərazidə ilkin infrastrukturun qurulmasına başlayıblar. İlkin mərhələdə ərazidə hasarlanma işləri aparılıb, kommunikasiya xətləri çəkilib, həmçinin qrunt sularının yaratdığı problemlərin araşdırılması istiqamətində texniki tədqiqatlar aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2026-cı ilin mart ayında Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Prezidentin ehtiyat fondundan muxtar respublikanın Nazirlər Kabinetinə 9 milyon 566 min manat vəsait ayırıb.
Müxbir – Nail Əsgərov