Avstriyalı siyasətçi yeni miqrasiya siyasəti təklif edib
Vyana, 16 aprel, AZƏRTAC
Avstriyanın tanınmış siyasətçilərindən biri, Burqenland federal əyalətinin qubernatoru və ana müxalifət partiyası Avstriya Sosial-Demokratlar (SPÖ) partiyası sədrliyinə əsas namizədlərdən biri Hans Peter Doskozil miqrasiya siyasəti ilə bağlı təkliflərlə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Avstriyada müəyyən sahələrdə ixtisaslaşmış kadrların çatışmazlığını nəzərə alaraq, H.P.Doskozil qanunvericilikdə məqsədyönlü miqrasiya üçün dəyişikliklər edilməsini təklif edib. Qeyd edilib ki, yüksəkixtisaslı kadrların ölkəyə cəlb edilməsi üçün bir tərəfdən onlar üçün əmək bazarında şərait və təkliflər, eləcə də sənədləşmə rahatlaşdırılmalıdır. Digər tərəfdən isə ölkəyə miqrant qəbulunda əvvəlcədən hazırlanmış proqram əsasında işlərin görülməsinin vacibliyi vurğulanıb. Siyasətçi diqqətə çatdırıb ki, miqrantların sərbəst qəbulu əvəzinə, həmin ölkələrdə tədris müəssisələri açmaq, tələb olunan ixtisaslar üzrə kadrları yetişdirmək və yalnız bundan sonra miqrant qəbulunu həyata keçirmək lazımdır.
Qeyd edilməlidir ki, miqrasiya bir çox Avropa ölkələri kimi Avstriyada da seçkilər öncəsi siyasətçilərin müraciət etdiyi əsas mövzulardan biridir. Lakin mühafizəkar və radikal-sağçı düşərgədən fərqli olaraq, sosial-demokratlar ənənəvi olaraq miqrasiya məsələlərində daha moderat mövqeləri ilə tanınırlar. SPÖ rəhbərliyinə yaxın gələcəkdə keçiriləcək seçki və gələn ilin payızında ölkə parlamentinə növbəti seçkilərdə sosial-demokratların əsas siyasi fiqurlarından sayılan H.P.Doskozilin rəqib düşərgənin sevimli mövzusundan bəhrələnməsi bir tərəfdən partiya daxilində yeni mövqe kimi dəyərləndirilsə də, digər tərəfdən qərarsız seçiciləri cəlb etmək üçün taktiki gediş də hesab olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana