Aydın Mehdiyev: Ordubad torpağının xüsusi cazibədarlığı var
Bakı, 17 fevral, Leyla Muradzadə, AZƏRTAC
Bakıdakı Rus evində azərbaycanlı fotoqraf, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Aydın Mehdiyevin “Sehrli Ordubad” adlı sərgisi açılıb. Fotoqraf qonaqlara qədim Ordubad diyarında çəkdiyi ecazkar mənzərələrdən ibarət fotoşəkilləri təqdim edib. O, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı bu şəhərin təkrarolunmaz füsunkarlığını vəsf edib.
Aydın Mehdiyev AZƏRTAC-ın müxbirinə sərgilənən ekspozisiyanın yaranması tarixçəsindən bəhs edib: “Sərginin adı Ordubadın mənim ana yurdum olması ilə bağlıdır. Bakıda doğulmuşam və boya-başa çatmışam, amma məktəbə qədər olan uşaqlıq illərim orada keçib. Əslində, bu sərgini atamın xatirəsinə həsr etmişəm. O, ötən il dünyasını dəyişib. Atam bu şəhərə çox bağlı idi. O, mənim üçün əsl kişi etalonu olub”.
Həmsöhbətimizin sözlərinə görə, Ordubad xüsusi cazibədarlıqla hopmuş diyardır. “Süjetin gözəlliyi baxımından qeyri-real görünən bir neçə fotoşəkil var. Haradasa qartal uçur, arxa planda canavar görünür və s. Bu şəhərin xüsusi enerjisi və insanları var. Məni sərgi təşkil etməyə və bununla da bu ecazkar bölgənin gözəlliyini vəsf etməyə ruhlandıran məhz budur”, - deyə A.Mehdiyev qeyd edir.

Bu, Göygöl gölüdür. Məlum olduğu kimi, Azərbaycanda bu adla iki göl mövcuddur və insanların əksəriyyəti Göygöl rayonunun ərazisində yerləşən göl haqqında məlumatlıdır. Naxçıvandakı Göygöl isə 3065 metr yüksəklikdə yerləşir. O, ilin bütün mövsümlərində ətrafındakı qar, saralmış payız çəmənliyi, çobanyastığı və edelveyslərlə məşhurdur.

Bu fotoşəkildə isə Gəmiqaya petroqlifləri əks olunub. Onlar 3 min metr yüksəklikdə yerləşir və ibtidai insanların məskən saldıqları ilk məkanlardandır. Petroqliflərin bəzi fotoşəkillərini 2014-cü ildə çəkmişəm, onların arasında qeyri-adi fiqurları da görmək olar.