Aynur Sofiyeva: Artıq Gövhər Beydullayevanın qələbələrinə alışmışıq
Bakı, 13 oktyabr, AZƏRTAC
“Gövhər Beydullayeva perspektivli şahmatçılarımızdandır. Bilirəm ki, bundan sonra da böyük uğurlara imza atacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın və İslam dünyasının ilk beynəlxalq qadın qrosmeysteri Aynur Sofiyeva İtaliyanın Sardiniya adasında keçirilən rapid üzrə U-20 dünya çempionatının qalibi olan Gövhər Beydullayeva haqqında danışarkən deyib.
O, Azərbaycanın digər şahmatçıları kimi, G.Beydullayevanın da qələbələrinə artıq alışdığını bildirib: “Gövhər ikinci dəfə gənclər arasında dünya çempionu oldu. Qələbə xəbərini eşidəndə çox sevindim. Çünki doğrudan da böyük uğurdur. 20 yaşadək şahmatçılar artıq peşəkar sayılırlar. Bu uğur münasibətilə Gövhəri təbrik edirəm. Həqiqətən qürur duydum”.
A.Sofiyeva hazırda Azərbaycanda şahmat idman növünə böyük diqqət və qayğı olduğunu vurğulayıb: “Mənim dünya çempionu olduğum dövrlə indiki arasında çox fərq var. Başda Prezident İlham Əliyev olmaqla, həm Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Şahmat Federasiyası bu idman növünə çox böyük diqqət və qayğı göstərir. Şahmatçılarımız istedadlı, bacarığı bu qayğı və diqqətlə birləşəndə belə böyük nəticələrə gətirib çıxarır. Sevindirici haldır ki, bu gün perspektivli və bacarıqlı şahmatçılarımızın sayı çoxdur. Onların hər birinin yaxşı nəticələr əldə etmək üçün böyük potensialı var. İnanıram ki, uğurlarımızın sayı getdikcə artacaq”.