Aytac Əlisultanlı: İçərişəhərin təcrübəsi Türk dünyasında əməkdaşlığa töhfə verə bilər
Bakı, 10 sentyabr, AZƏRTAC
İçərişəhərdə aparılan konservasiya və bərpa layihələri elmi araşdırmalar, memarlıq və texniki qiymətləndirmələr əsasında, yerli və ekoloji tikinti materiallarından, eləcə də müasir materiallardan istifadə edilməklə yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilir. Lakin binaların düzgün şəkildə bərpa və konservasiya edilməsi kifayət deyil. Əsas məsələ bundan sonra başlayır – binalara düzgün funksiya vermək, onların fəaliyyətini təmin etmək və ömrünü uzatmaq, gələcək istifadənin onların tarixi kimliyinə və dəyərlərinə xələl gətirməməsinə nail olmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
"Lakin tarixi quruluş və tarixi binalarla yanaşı, binaların arasında yerləşən məkanları – küçələri, meydanları, həyətləri və bağları da nəzərə almalıyıq. Biomüxtəliflik baxımından bu kiçik, qapalı məkanlarda da əhəmiyyətli təbii elementlər mövcuddur. Həmin məkanlar kölgə və yaşıllıq təmin edir, yerli iqlimin yaxşılaşmasına, ərazidə istilik stresinin azalmasına kömək edir və eyni zamanda İçərişəhərin ənənəvi xarakterinin bir hissəsidir.
Ümid edirik ki, İçərişəhərin təcrübəsi Türk dünyasında əməkdaşlığa töhfə verə bilər və burada mədəni irsin, təbiətin, texnologiyanın və icmanın vahid yanaşma əsasında idarə olunması mümkün olar", - deyə o əlavə edib.