Azadlıq yolunda canlarından keçən şəhidlərin xatirəsi əbədiyaşardır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin müvafiq tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilmiş, şəhidlərin əziz xatirəsi anılmışdır.
Əvvəlcə universitetin imtahan keçirilən 225 auditoriyasında tələbələrə 20 Yanvar haqqında məlumat verilmiş, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun iştirakı ilə 443 və 900 nömrəli auditoriyalarda faciə qurbanlarının xatirəsi yad olunmuş, sonra isə təhsil müəssisəsinin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları abidənin önünə əklil və gül dəstələri qoymuşlar.
Mərasimdə çıxış edən akademik Abel Məhərrəmov keçmiş imperiya ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə qanlı qırğınlar törətdiyini, günahsız insanları qəddarcasına qətlə yetirdiyini diqqətə çatdırmışdır. Rektor həmin orduda erməni cəlladlarının da olduğunu xatırlatmışdır.
Qara Yanvarın mahiyyətini, dəhşətlərini xatırladan akademik A. Məhərrəmov o müdhiş gecədə neçə-neçə qadının, uşağın, qocanın, gəncin qanının axıdıldığını, bu hadisənin insanlığa qarşı dəhşətli cinayət olduğunu vurğulamış, faciənin heç zaman yaddan çıxmayacağını söyləmişdir.
Qeyd edilmişdir ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir.
Ölkəmizin bu gün dinamik inkişaf etdiyini, beynəlxalq nüfuzunun yüksəldiyini qeyd edən rektor məkrli ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir.
Professor İzzət Rüstəmov və digər çıxış edənlər də 20 Yanvar ilə bağlı fikirlərini diqqətə çatdırmış, müstəqillik, azadlıq yolunda canlarından keçən şəhidlərin xatirəsinin əbədiyaşar olduğunu vurğulamışlar.