Azay Quliyev: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar Bakıya gələn qonaqlara doğru çatdırılmalıdır
Bakı, 9 iyun, AZƏRTAC
“Birinci Avropa Oyunları ilə əlaqədar Bakıya minlərlə xarici vətəndaş gəlir. Əlbəttə, belə bir imkandan faydalanaraq Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazisinin bir hissəsinin işğal edilməsi haqqında məlumatları da qonaqların diqqətinə çatdırmaq lazımdır. Biz bu məlumatları ünvana doğru şəkildə çatdırmalıyıq və həm də elə etməliyik ki, xarici qonaqlar düşünməsinlər ki, əsas məqsədimiz bu tədbirdən istifadə edib məhz təbliğatla məşğul olmaqdır”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib.
A. Quliyev deyib ki, münaqişə haqqında bukletlər, müxtəlif materiallar, stendlər hazırlanıb. Biz həyəcanlandırıcı fotoların yayılmasının tərəfdarı deyilik. Çünki avropalılar özləri bunu yaxşı qəbul etmirlər. Amma Ermənistanın işğalçılıq siyasətini, onun mahiyyətini olduğu kimi təqdim etsək bu, doğru-dürüst qəbul ediləcək.