Azərbaycan - Almaniya münasibətləri: Enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlığın yeni gündəliyi RƏY
Bakı, 22 iyul, AZƏRTAC
Almaniyada Prezident İlham Əliyev və Federal Kansler Fridrix Mertsin "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"ni imzalaması ilə Azərbaycan-Almaniya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Almaniyanın Federal Kansleri ilə keçirilən görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və dövlətlə yanaşı, özəl sektorun əlaqələrinin gücləndirilməsi məqsədilə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılıq əldə olunub. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Almaniya şirkətləri uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycanda 200-dən çox alman mənşəli şirkətin fəaliyyət göstərməsi ölkəmizin əlverişli biznes mühitinin və Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığının göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq, təhlükəsizlik və enerji siyasəti üzrə ixtisaslaşmış ekspert, Macarıstanda fəaliyyət göstərən Dunay İnstitutunun baş tədqiqatçısı Fərid Şükürlü deyib.
F.Şükürlü qeyd edib ki, enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyətini qorumaqdadır. Hazırda Azərbaycan ümumilikdə 10 Avropa İttifaqı üzvü olmaqla 16 Avropa ölkəsini təbii qazla təmin edir. Bu ildən Almaniya və Avstriya da Azərbaycan qazını idxal edən Avropa İttifaqı ölkələrinin sırasına qoşulub ki, bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha nümayiş etdirir: “Prezident İlham Əliyev Almaniyada jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolu konkret faktlar və rəqəmlərlə bir daha nümayiş etdirdi. Bununla yanaşı, Prezident İlham Əliyev mövcud enerji infrastrukturunun imkanlarının artıq demək olar ki, tam istifadə olunduğunu da diqqətə çatdırdı. Hazırda TANAP və TAP kəmərləri vasitəsilə illik təxminən 25 milyard kubmetr təbii qazın nəqli mümkündür və bu göstərici kəmərlərin faktiki maksimum ötürmə gücünə yaxındır. Bu səbəbdən Azərbaycan Avropa İttifaqını və tərəfdaş ölkələri yeni enerji infrastrukturunun yaradılmasına və mövcud kəmərlərin genişləndirilməsinə daha fəal maliyyə və siyasi dəstək verməyə çağırır. Belə investisiyalar yalnız Azərbaycanın Avropaya qaz ixracının artırılması baxımından deyil, həm də Orta Dəhlizin enerji komponentinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Gələcəkdə Xəzər regionunun enerji potensialından daha səmərəli istifadə edilməsi, xüsusilə Qazaxıstan və Türkmənistanın zəngin enerji resurslarının Avropa bazarlarına ən praktik və iqtisadi cəhətdən səmərəli marşrutla çatdırılması üçün yeni infrastruktur layihələrinin həyata keçirilməsi həlledici rol oynayacaq. Bu baxımdan, Azərbaycanın təşəbbüslərinə veriləcək dəstək təkcə ölkəmizin deyil, bütövlükdə Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə xidmət edəcək”, - deyə ekspert qeyd edib.
Müxbir- Günel Türksoy