AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinin kursantları ümummilli liderin doğum gününü təntənə ilə qeyd etmişlər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, ali hərbi təyyarəçilik, ali hərbi dənizçilik məktəblərinin və C.Naxçıvanski adına Hərbi Liseyin kursantları mayın 10-da Bakının mərkəzi küçələrindən keçərək, Azadlıq meydanına gəlmişdilər. Burada onlar hərbi marşın sədaları altında tribunanın qarşısından keçmişlər. Tribunadan kursantları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Heydər Piriyev, C.Naxçıvanski adına hərbi liseyin rəisi general-mayor Almas Mirzəyev, Ali Hərbi Təyyarəçilik Məktəbinin rəisi polkovnik Coşqun Ağamalıyev, Ali Hərbi Dənizçilik Məktəbinin rəisi polkovnik Nurulla Əliyev və digər yüksək rütbəli zabitlər salamlamışlar.
Kursantları şəhərin yüzlərlə sakini, türkiyəli tələbələr alqışlamış, onlara uğurlar arzulamışlar.
Ali Hərbi Məktəbin rəisinin tərbiyəvi işlər üzrə müavini polkovnik İlqar Xanəhmədov demişdir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu hərbi məktəblərdə yüksək peşəkarlığa malik zabit hazırlığına xüsusi diqqət yetirilir. Bugünkü kimi tədbirlər isə gələcək zabitlərimizin Vətənə, doğma torpağa, Ali baş komandana sədaqətini daha da artırır. Kursantlarımız torpaqlarımızın işğaldan azad olunmasına və Vətənin müdafiəsinə daim hazırdırlar.