AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİNİN NÖVBƏTİ PLENUMU KEÇİRİLMİŞDİR
Gündəlikdəki məsələlər məhkəmə-hüquq islahatları və ədalət mühakiməsi keçirilərkən məhkəmə orqanları qarşısında duran vəzifələrə həsr olunmuşdu. Ali Məhkəmənin hakimi Bağır Əsədov hakimə etirazetmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında məruzə edərək, 2004-cü ildə və 2005-ci ilin birinci yarısında 2570 mülki iş və 880 cinayət işi üzrə çıxarılmış etirazlara dair ümumiləşdirilmiş məlumat verdi. Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, mülki işlər üzrə etirazların 42,5 faizi və cinayət işləri üzrə etirazların 43,8 faizi əsassız irəli sürülmüşdür.
Baş prokurorun müavini Eldar Nuriyevin iştirak etdiyi müzakirələrdə məhkəmə sisteminin təkmilləşdirilməsinə dair təkliflər dinlənilmiş, plenumun qərarlarına təkliflər verilməsi üzrə redaksiya komissiysı yaradılmışdır.
Ədliyyə naziri Fikrət Məmmədov çıxışında məhkəmə süründürməçiliyinin, başdansovma cavablar göndərilməsinin yolverilməzliyini vurğulayaraq bildirdi ki, belə hallar vətəndaşlarda haqlı olaraq narazılığa səbəb olur.
Plenumda Sumqayıt, Əli Bayramlı şəhərləri, paytaxtın Suraxanı rayonu hakimlərinin 2004-cü ildə və cari ilin birinci yarısında baxılmış məhkəmə işləri barədə məruzələri də dinlənilmişdir.