Azərbaycan alimi Daşkənddə keçirilən “dəyirmi masa”da iştirak edib
Özbəkistanın paytaxtı Daşkənddə ölkənin ekologiyası, su ehtiyatlarının azalması və Aralın problemləri ilə bağlı “dəyirmi masa” keçirilib.
Rusiyanın Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Təhlükəsizliyi Akademiyasının və Özbəkistanın müvafiq strukturlarının təşəbbüsü ilə keçirilən tədbirdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin bu sahədə fəaliyyət göstərən mütəxəssisləri iştirak ediblər.
“Dəyirmi masa”da Aral dənizinin quruması hesabına əmələ gələn duzların külək vasitəsilə torpaqlara yayılması, torpaqlarda baş verən deqradasiya, içməli və suvarma suyunun azalması, vaxtilə Özbəkistanda olan kəhrizlər, onların mövcud vəziyyəti, kəhrizlərin bərpası işlərinin aparılması mümkünlüyü, kəhriz sularından suvarmada və məişətdə istifadə olunması və digər məsələlər müzakirə edilib.
Müzakirələr zamanı Özbəkistan Elmlər Akademiyasının akademiki Tursunbay Rəşidov Naxçıvan Dövlət Universitetinin professoru Əlövsət Quliyevin “Müstəqillik illərində Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində qədim kəhrizlərin bərpası və yenilərinin layihələşdirilməsi” mövzusunda yazdığı məqalədən danışıb. Bildirilib ki, Özbəkistan alimləri tərəfindən maraqla qarşılanan bu məqalə birgə işə öz töhfəsini verəcək.
Sonra tədbirə dəvət olunan Əlövsət Quliyev kəhrizlərin bərpa edilməsi istiqamətində Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verib. Azərbaycanlı alim deyib ki, Naxçıvan Muxtar Respublikasında kəhrizlərdə aparılan bərpa işlərinin, eləcə də müstəqil “Kəhrizlər İdarəsi”nin yaradılmasının MDB ərazisində analoqu yoxdur.
Sonda tədbir iştirakçıları Buxara, Nəvai vilayətləri və Nurata şəhərlərində elmi ekspedisiyaya yola düşüblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd