AZƏRBAYCAN ALİMİ ELMİ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
Xoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti və Qazaxıstan Elmlər Akademiyasının Ç.Vəlixanov adına Tarix İnstitutu Türküstan şəhərində milli azadlıq hərəkatının tanınmış simalarından biri, ictimai və dövlət xadimi Turar Rıskulovun anadan olmasının 110 illiyi ilə bağlı elmi konfrans keçirmişlər. Tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Rusiyadan gəlmiş tarixçi alimlər iştirak etmişlər.
Ölkəmizi bu konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi təmsil etmişdir.
Konfransda “T.Rıskulov və türkdilli xalqların birliyi ideyası”, “XX əsrin 20-ci illərində Qazaxıstanda siyasi vəziyyət və T.Rıskulov”, “Türküstandakı üsyançılıq hərəkatına T.Rıskulovun baxışları (1918-1924-cü illər)”, “T.Rıskulov və Daşkənddəki ali təhsil müəssisələri” və başqa mövzularda məruzələr dinlənilmişdir.
S.Rüstəmova-Tohidinin “Şərq xalqlarının I qurultayında T.Rıskulov və Türküstan nümayəndə heyətinin iştirakı” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
S.Rüstəmova-Tohidi AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, tədbirdə Bakıda “Türk xalqlarına qarşı erməni terroru” mövzusunda konfransın keçirilməsi barədə qərar qəbul edilmişdir. Burada iştirak edən alimlərin hamısı həmin konfransa gəlməyə razılıq vermişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Türküstan