AZƏRBAYCAN ALİMİNİN MƏRUZƏSİ MARAQLA QARŞILANMIŞDIR
20-dən çox ölkənin alim və mütəxəssislərinin iştirak etdiyi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Abdulvahab Muxtarov institut kollektivinin hazırladığı qurğuların - dənizdə geotermik tədqiqatlar aparmaq üçün istifadə olunan ölçü cihazlarının layihəsi ilə bağlı məruzə etmişdir. Bu məruzə Çexiya, Almaniya, Rusiya, Yaponiya və s. ölkələrin alim və mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. Onlar aparılan elmi tədqiqat işlərində Azərbaycan alimlərinə yardım vəd etmişlər.
A.Muxtarovun Çexiya alimləri ilə birgə hazırladığı ikinci məruzə Azərbaycanda quyu temperaturlarının ölçülməsi əsasında qədim dövrlərdəki iqlim dəyişmələrinin öyrənilməsinə və qlobal istiləşmə prosesinə təbii təsirlərin roluna həsr olunmuşdur. İştirakçılar tərəfindən maraqla qarşılanan məruzə ilə bağlı Azərbaycanda monitorinq qrupu yaratmaq təklifi bəyənilmiş, bir sıra ölkə mütəxəssisləri ilə əməkdaşlıq barədə razılıq əldə edilmişdir.