Azərbaycan-Almaniya əlaqələri çoxşaxəli münasibətlər sisteminə keçid edir ŞƏRH
Bakı, 22 iyul, AZƏRTAC
Bu gün Azərbaycan və Almaniya arasında münasibətlərdə yeni bir səhifənin açılmasının şahidi oluruq. Azərbaycan Prezidentinin Almaniyada yüksəksəviyyəli görüşlər keçirməsi, həm Prezident, həm də Federal Kansler ilə ikitərəfli münasibətlər üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə etməsi olduqca vacib hadisədir. İmzalanan sənədlərə nəzər yetirdikdə, söhbətin artıq çoxşaxəli əməkdaşlıq çərçivəsindən getdiyini görürük. Bu, münasibətlərdə yeni yanaşmanın və əlaqələrin yeni səviyyəyə yüksəldiyinin göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
Politoloq bildirib ki, imzalanan sənədlər Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin çoxşaxəli münasibətlər sisteminə keçid etdiyini sübut edir. İnvestisiya, neft-qaz, yaşıl enerji, logistika və nəqliyyat sahələri ilə yanaşı, regional və beynəlxalq məsələlərin də gündəlikdə yer alması Almaniya ilə Azərbaycan arasında siyasi münasibətlərdə yeni mərhələnin başlanğıcından xəbər verir.
“Əməkdaşlığın bu qədər geniş sahələri əhatə etməsi tərəflərin uzunmüddətli iqtisadi maraqlarının üst-üstə düşdüyünü nümayiş etdirir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin artan rolu, Azərbaycanın bərpaolunan enerji potensialı və Orta Dəhlizin strateji əhəmiyyətinin yüksəldiyi bir dövrdə Almaniyanın Azərbaycana marağının artması təsadüfi deyil. Bu, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə də mühüm töhfə verə bilər. Prezident İlham Əliyevin səfəri Azərbaycan-Almaniya münasibətlərinin daha dərin siyasi etimada, qarşılıqlı iqtisadi maraqlara və regional əməkdaşlığa əsaslanan yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər”, - deyə Z.Məmmədov əlavə edib.