AZƏRBAYCAN ALMANİYANIN STRATEJİ TƏRƏFDAŞIDIR
BU FİKİR ALMANİYA İŞ ADAMLARI İLƏ GÖRÜŞDƏ SƏSLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Komitənin sədri doktor Klaus Manqoldun başçılıq etdiyi nümayəndə heyətinə Almaniyanın ən məşhur şirkətlərinin təmsilçiləri daxildir. Onlar bundan əvvəl Qazaxıstan, Özbəkistan və Türkmənistanda olmuşlar.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, kənd təsərrüfatı naziri İsmət Abasovun, Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmovun, digər nazirliklərin nümayəndələrinin iştirak etdikləri görüşdə çıxış edən iqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycan-Almaniya iqtisadi əlaqələrinə dair konkret faktlar gətirmiş, indiyədək 30-a yaxın saziş imzalandığını xatırlatmışdır. Nazir demişdir ki, 2005-ci ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 202 milyon ABŞ dolları olmuşdur ki, bu da 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz çoxdur. Lakin bu bizi qane etmir və mövcud potensialdan çox geri qalır.
Almaniyanın ölkəmizdəki səfiri Detlef Lingeman, Alman İqtisadiyyatı Şərq Komitəsinin sədri Klaus Manqold görüşdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ilin avqustunda Almaniyaya səfərinin iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə təkan verdiyini vurğulamışlar. Bildirilmişdir ki, iki ölkə arasında ticarət dövriyyəsi qısa müddətdə 1 milyard avroya çata bilər. Azərbaycanın öz iqtisadiyyatına sərmayə cəlb etmək sahəsindəki səyləri dost ölkə tərəfindən dəstəklənir. Almaniya şirkətləri enerji və infrastruktur sahələrində əməkdaşlığa bundan sonra da hazırdır. Doktor Klaus Manqold demişdir ki, sizin istəklərinizlə bizim səriştəmiz üst-üstə düşür.
Tanınmış alman şirkətlərinin menecerləri iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığa dair təkliflərini söyləmişlər.