Azərbaycan-Amerika Alyansı Vaşinqtonda möhtəşəm ziyafət vermişdir
Bakı, 1 noyabr (AZƏRTAC). Oktyabrın 30-da Vaşinqtonda, Milli Memarlıq Muzeyində (National Building Museum) “Bu günü bayram edərək gələcəyi qururuq” adlı möhtəşəm tədbir keçirilmişdir. Ziyafət Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Amerika Alyansı (AAA) tərəfindən təşkil olunmuşdur.
Tədbirdə təqribən 500 qonaq, o cümlədən ABŞ Konqresinin üzvləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik missiyaların, araşdırma mərkəzlərinin nümayəndələri və Vaşinqtondakı Azərbaycan icmasının üzvləri iştirak etmişlər.
İki ölkə arasında sosial, iqtisadi əlaqələrin, eləcə də dostluq münasibətlərinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmaq məqsədi daşıyan tədbirdə Azərbaycanın tarixi, memarlığı və zəngin mədəniyyəti barədə videoçarxlar nümayiş etdirilmiş, milli mətbəximizin yeməkləri təqdim edilmiş, milli musiqi və rəqslər ifa olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqları salamlayaraq demişdir ki, diplomatiyanın ən gözəl yolu təmsil etdiyi ölkənin mədəniyyətini tanıtmaqdır. Bugünkü tədbirdə də həmin məqam uğurla həyata keçirilir.
Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədov çıxışında qonaqlara minnətdarlığını bildirərək demişdir ki, onları burada salamlamaqdan böyük şərəf duyur. O bildirmişdir ki, tədbirin təşkilatçısı - Azərbaycan-Amerika Alyansı qeyri-kommersiya təşkilatıdır. Alyans Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, habelə təhsil, idman, iqtisadiyyat sahəsində uğurlarını ABŞ-da təbliğ edir. A.Məmmədov xatırlatmışdır ki, Alyans ötən il Ronald Reyqan Mərkəzində “Vaşinqtonda Bakıdan olan dostlarla bir axşam” adlı tədbir təşkil etmişdir və bugünkü tədbirin bəzi iştirakçıları həmin tədbirdə iştirak etmişdir. O qeyd etmişdir ki, Alyans Azərbaycanın mənafeyinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir.
A.Məmmədov demişdir: “Bakı və Vaşinqtonu 6000 mil məsafə ayırır. Üstəlik, aramızda yüz, hətta min illik tarix və mədəniyyət fərqi var. Bu axşam ABŞ Azərbaycan mədəniyyətinin gözəlliyi və müxtəlifliyi ilə tanış olacaq, Azərbaycanla bir araya gələcəkdir. Azərbaycan Amerikanın böyük dostu və müttəfiqidir. Ümid edirik ki, mədəniyyət, təhsil, biznes və incəsənət sahələrində Azərbaycan-ABŞ əməkdaşlığını birgə səylərlə daha da genişləndirəcəyik”.
İndiana ştatından keçmiş konqresmen, Azərbaycan-Amerika Alyansının İdarə heyətinin sədri Den Berton çıxış edərək bildirmişdir ki, Azərbaycan ABŞ-ın həqiqi dostu olduğu üçün onunla əlaqələri genişləndirmək lazımdır. D.Berton bildirmişdir ki, keçmiş konqresmen və Konqresin Xarici Münasibətlər Komissiyasının sədri kimi 30 il ərzində dünyanın bir çox ölkələrinə səfər etsə də, onların heç birinə Azərbaycan qədər valeh olmamışdır. O demişdir: “Bu axşam Azərbaycanın gözəlliyini və mədəniyyətini birlikdə seyr edəcəyik. Arxada gördüyünüz “Flame Tower” qüllələri bir daha təsdiq edir ki, Azərbaycan sözün həqiqi mənasında Odlar Yurdudur”. O bildirmişdir ki, Azərbaycanın ecazkar musiqisi, rəqsləri, mahir ifaçıları onun zəngin mədəniyyətinin və adət-ənənələrinin minilliklərdən qaynaqlandığını göstərir.
Gecədə “Azərbaycanın incisi” rəqs qrupu, Alim Qasımovun rəhbərliyi ilə muğam qrupu, “Rast” qrupu və Səbinə Babayeva çıxış etmişlər. Muğam ustadı, Xalq Artisti Alim Qasımovun və onun qızı, Əməkdar Artist Fərqanə Qasımovanın ifası gecənin kulminasiya nöqtəsi olmuşdur. Qonaqlar möhtəşəm Azərbaycan muğamını ayaq üstə alqışlamışlar.
Tədbirdə ABŞ senatorları Riçard Barr, Saksbi Çamblis, Ted Koqan, Roger Uiker, konqresmenlər Geyn Grin, Rendy Haltgrin, Robert Aderholt, Korrin Braun, Ualter Cons, Adam Kinzinger, Tim Rayan, Fred Upton, “The Washington Times” qəzetinin redaktoru və prezidenti Larri Bisli, “The Washington Diplomat” qəzetinin baş redaktoru Viktor Çibli, Corc Vaşinqton Universitetinin prezidenti Stiven Knapp, digər biznes və media liderləri iştirak etmişlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton