AZƏRBAYCAN BƏSTƏKARI FİRƏNGİZ ƏLİZADƏNİN ƏSƏRLƏRİ “BEYNƏLXALQ MUSİQİ FESTİVALI”NDA SƏSLƏNMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 19-dan 30-dək Bavariyanın Auqsburq şəhərində keçirilən “Beynəlxalq klassik musiqi festivalı”nda tanınmış Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin əsərlərini dünyanın adlı-sanlı simfonik və kamera orkestrləri ifa etmişlər.
Münxen, Nürnberq, Frayburq və Auqsburq şəhərlərinin mahir ifaçılarını birləşdirən boyük simfonik orkestr festivalın proqramı çərçivəsində Firəngiz Əlizadənin “Metomorfozis”, “Diligiya-1”, “Fortepiano musiqisi”, “Habilsayağı” və digər kamera musiqisi əsərlərini səsləndirmişdir.
Azərbaycan bəstəkarının sənətkarlığını yüksək qiymətləndirən münsiflər heyəti Firəngiz Əlizadənin yaratdığı klassik musiqi nümunələrinin bəstəkarın daxili zənginliyindən, onun incəsənətə bağlılığından xəbər verdiyini xüsusi qeyd etmişdir.
Festivalın təşkilat komitəsi Azərbaycan bəstəkarının musiqisinə və sənətkarlığına verilən yüksək qiymətin təzahürü olaraq noyabrın 29-30-da Auqsburq şəhərində 1000 nəfər tamaşaçı tutan “Konqreshalle” konsert salonunda Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş müəllif konsertləri təşkil etmişdir. Konsertlərdə bəstəkarın festival çərçivəsində ifa olunan əsərləri və simli alətlər orkestri üçün bəstələdiyi “Violonçel və simfonik orkestr üçün konsert” əsəri səsləndirilmişdir.
Orkestrə dirijorluq edən Aleksandr Rumpf və violonçel partiyalarının ifaçısı professor Yulius Berqer Firəngiz Əlizadənin yaradıcılıq məharətini yüksək qiymətləndirmiş və nəfis şəkildə buraxılmış proqramda ürək sözlərini belə ifadə etmişlər: “Firəngiz Əlizadə dahi sənətkardır. Onun musiqisi qəlbləri fəth edir. Biz - sənətkarlar onun musiqisini ifa edərkən bu musiqinin qanadlarında başqa bir aləmə uçuruq. Hamı üçün anlaşıqlı bu musiqi ifaçıları və dinləyiciləri məftun edərək füsunkar bir aləmə aparır, hamını mədəniyyətlərin dialoquna cəlb edir”.