Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova 20 Yanvar faciəsinin səbəbləri, o dövrdə sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri haqqında danışmışdır. Z.Qafarova bu günün Azərbaycanın tarixində, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi mühüm əhəmiyyətini vurğulamışdır. Bu dəhşətli faciənin xalqımızın qan yaddaşından heç zaman silinməyəcəyi qeyd edilmişdir.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılovanın “Tariximizin faciəvi səhifələrinə həsr olunmuş musiqi əsərləri” mövzusunda məruzəsi dinlənilmişdir. Natiq son illər Azərbaycan bəstəkarlarının yaradıcılığında müharibə mövzusunun xüsusi yer tutduğunu, Qarabağa, Qara Yanvara, Xocalı faciəsinə həsr olunmuş çox sayda əsərlərin yarandığını bildirmişdir.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrinin tariximizin həm faciəli, həm də şərəfli səhifəsi, eyni zamanda, bu tarixin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulamışlar.
Tədbirdə Azərbaycan bəstəkarlarının şəhidlərə həsr olunmuş əsərləri səslənmişdir.