AZƏRBAYCAN BMT-NİN YENİ YARADILAN İNSAN HÜQUQLARI ŞURASINA UZUNMÜDDƏTLİ ÜZV SEÇİLMİŞDİR
47 üzvdən ibarət olan bu qurum iyunun 19-da Cenevrə şəhərində fəaliyyətə başlamalıdır. Şuranın üzvləri dünyanın beş bölgəsini təmsil edir. Qurumda Latın Amerikası və Karib hövzəsinə 8, Afrikaya 13, Asiyaya 13, Şərqi Avropaya 6, Qərbi Avropaya isə 7 yer verilmişdir.
Azərbaycan Şurada Rusiya, Polşa, Çexiya, Ukrayna və Rumıniya ilə yanaşı, Şərqi Avropa bölgəsini təmsil edəcəkdir. Şuraya seçilən dövlətlər buradakı səlahiyyətlərini bir, iki və üç il ərzində həyata keçirəcəklər. Bu üzvlük müddəti də səsvermə zamanı müəyyənləşmişdir. Şərqi Avropa bölgəsini təmsil edən dövlətlər arasında ən uzunmüddətli - üç illik üzvlüyü yalnız Azərbaycan həyata keçirəcəkdir.
BMT-nin İnsan Hüquqları Şurasına üzv olmaq uçün səsvermə zamanı 96 bal toplamaq zəruri idi. Azərbaycan mayın 9-dakı səsvermədə 103 bal toplamışdır. Digər namizədlər arasında Litva, Sloveniya, Macarıstan kimi ölkələr də var idi.
Şuranın yaradılması haqqında BMT Baş Məclisinin qəbul etdiyi qətnaməyə görə, üzv dövlətlər seçilərkən onların insan hüquqlarının inkişafı və qorunması sahəsində nailiyyətləri və öhdəlikləri nəzərə alınmalıdır.
Azərbaycanın bu diplomatik qələbəsini AZƏRTAC-a şərh edən ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev demişdir:
-BMT-nin yeni yaradılan İnsan Hüquqları Şurasına ilk üzvlərdən biri seçilmək böyük şərəfdir. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Şurada Şərqi Avropa bölgəsindən səlahiyyətlərini ən uzun müddət ərzində yerinə yetirəcək üzv olmağımız insan hüquqlarının qorunması sahəsində məsuliyyətimizi artırır. Cələcəkdə bu sahədə əldə edilən nailiyyətləri birə-beş artırmalıyıq.