Azərbaycan Çerlidinq Federasiyasının prezidenti: Ölkəmizdə idmanın bu növü üzrə mühüm uğurlar qazanılıb
Bakı, 28 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin komandası “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən çerlidinq üzrə Bakı birinciliyində uğurla çıxış edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda altı komandanı təmsil edən 300-ə yaxın gimnast mübarizə aparıb.
Turnirə 50-dək idmançı ilə qatılan DİN-in İdman Cəmiyyətinin komandası gümüş medala layiq görülüb.
Komandanı yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı Alla Vlasova hazırlayıb.
Azərbaycan Çerlidinq Federasiyasının prezidenti, əməkdar məşqçi, idman ustası A.Vlasova uzun illərdir gənc gimnastların peşəkar idmançı kimi yetişməsində xidmətlər göstərir. Yarışla bağlı təəssüratlarını bölüşən A.Vlasova bildirib: “Ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti nəticəsində bu sahədə də mühüm nailiyyətlər əldə edilib. Çerlidinq üzrə gimnastlar 1994-cü ildən Bakıda keçirilən mötəbər yarışlar zamanı dəstək qrupları kimi çıxış etməyə başlayıblar. Qısa vaxtda bu idman növü gənclər arasında populyarlaşıb. Azərbaycanda çerlidinq üzrə ilk birincilik 2016-cı ilin iyununda “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib. Növbəti ölkə çempionatı isə ötən ilin aprelində DİN-in İdman Cəmiyyətində təşkil olunub.
Hazırda Cəmiyyətdə bədii gimnastika və çerlidinq üzrə məşğələlərdə 3-12 yaş qruplarında 60-dan çox gimnast hazırlaşır. Onların əksəriyyəti polis əməkdaşlarının övladlarıdır”.