Azərbaycan cüdoçuları ikinci Avropa Oyunlarında: şanslarımız yüksəkdir
Bakı, 3 iyun, Leyla Qurbanova, AZƏRTAC
Minskdə keçiriləcək II Avropa Oyunlarının başlamasına iki həftə qalır. Bu mötəbər yarışda yüksək nəticələr uğrunda qitənin ən güclü idmançıları mübarizə aparacaqlar. “Minsk 2019” Azərbaycan idmançıları üçün xüsusilə mühüm əhəmiyyət daşıyır. Çünki idman ölkəsi Azərbaycanın adı həm də Avropa Oyunlarının Vətəni kimi tarixə düşüb. 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkəmiz parlaq qələbə qazanaraq medal sıralamasında ikinci yeri tutub. İdmançılarımızın “Minsk 2019”a yüksək səviyyədə hazırlığı komandamızın II Avropa Oyunlarında da uğurla çıxış edəcəyini deməyə ciddi əsas verir.
II Avropa Oyunlarında ölkəmizdə inkişaf etmiş idman növlərindən olan cüdo üzrə yığma komandamızdan da gözləntilər böyükdür. “Minsk 2019”da Azərbaycanı 13 cüdoçu təmsil edəcək. Belə ki, kişi cüdoçularımızdan Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kq-dan yuxarı) bu mötəbər yarışda mübarizə aparacaqlar. Qadınların yarışında Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinkorloo Münxtsedev (57 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) qüvvələrini sınayacaqlar.
Rüstəm Orucov dünya reytinqində birincidir
Cüdoçularımız arasında reytinqinə görə ən güclü idmançı “Rio 2016”nın finalçısı Rüstəm Orucovdur (73 kq). Azərbaycan cüdoçusu hətta dünya reytinq cədvəlində öz çəki dərəcəsində liderliyə yüksəlib (5900 xal). O, hazırda dünyanın ən iddialı idmançılarından biri hesab olunur. Cüdoçumuz Çinin Hohhot şəhərində keçirilən Qran-Pridə iştirak etməsə də, bu, ona cənubi koreyalı dünya çempionu Changrim Anı üstələyərək dünya reytinq cədvəlində liderliyə qalxmasına mane ola bilməyib. Asiyalının aktivində hazırda 5680 xal var. Olimpiya finalçısı son altı ay ərzində uğurla irəliləyib. O, Quançjouda keçirilən “World Masters” turnirində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bundan başqa, Düsseldorfda və Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirlərində bürünc, Antalyada təşkil olunan Qran-Pridə isə gümüş medallara sahib olub.
Ardıcıl iki nüfuzlu yarışda qızıl medal
Millimizin həmin çəki dərəcəsində çıxış edən digər üzvü Hidayət Heydərov da dünya reytinqində üç pillə irəliləyərək altıncı yerdə qərarlaşıb. İstedadlı tatami ustasının ötən ay ardıcıl iki yarışda - Bakıda keçirilən “Böyük dəbilqə” və Hohhot şəhərindəki Qran-Pri turnirlərində qızıl medal qazanması onun yaxşı formada olmasından xəbər verir. Dünya reytinq sıralamasında H.Heydərov ilə R.Orucov arasında An Çan Qrim (Koreya Respublikası), Laşa Şavdatuaşvili (Gürcüstan), Soiçi Xaşimito (Yaponiya), Tommi Masias (İsveç) qərarlaşıblar.
Cüdoçularımızdan Zelim Kotsoyev (100 kq) də medala iddialılardandır. O, Düsseldorf və Bakı “Böyük dəbilqə” turnirlərində bürünc medal qazanıb. Ötən ayın sonunda keçirilmiş Çin Qran-Prisində yeddinci yeri tutan idmançı dünya reytinq cədvəlində 20-ci pilləyə yüksəlib. Onun yığma komandadakı əsas rəqibi Elmar Qasımov bu il Antalya Qran-Prisində bürünc medal qazanıb. Həmin çəki dərəcəsində 11-ci pillədə yer alan idmançının bundan sonra sabit çıxış edib “Top-8”də yer almasına böyük ümidlər bəslənilir. Mütəxəssislər E.Qasımovun potensialının daha yüksək olduğunu bildirirlər. Bu kateqoriyada gürcüstanlı Varlam Lipartelian ən güclü rəqibdir.
Məmmədəli Mehdiyevin (90 kq) də “Minsk 2019”da uğurla çıxış etməsinə inam böyükdür. 2019-cu ilin ilk (Təl-Əviv) “Böyük dəbilqə” turnirində bürünc medal qazanan idmançı Düsseldorfda keçirilən ikinci “Böyük dəbilqə” turnirində daha yaxşı çıxış edərək qızıl medal qazanıb. Təəssüf ki, Bakıdakı “Böyük dəbilqə” turnirində qızıl medalın bir addımlığında olan idmançımız son anda çempionluğu əldən verib. O, dünya reytinq cədvəlində də öz yerini finalda məğlub olduğu serbiyalı Nemanyu Majdova verərək beşinci yerdə qərarlaşıb. Bu çəki dərəcəsində lider isə ispaniyalı Nikoloz Şerazadişvilidir.
Bakıdakı “Böyük dəbilqə” turnirində ən yaxşı ipponun sahibi
Yığmamızın daha bir medal ümidi Nicat Şıxəlizadədir (66 kq). O, dünya reytinqində bir pillə geriləyərək 23-cü yerdə qərarlaşsa da, Bakıdakı “Böyük dəbilqə” turnirində əldə etdiyi gümüş medal onun yaxşı formada olduğunu göstərir. Onu da qeyd edək ki, Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirində ən yaxşı ipponlar siyahısında Nicat Şıxəlizadənin (66 kq) tətbiq etdiyi fənd Beynəlxalq Cüdo Federasiyası tərəfindən birinci yerə layiq görülüb.
Zədə üzündən son iki yarışda iştirak etməyən Uşangi Kokauri dünya reytinqində 13-cü mövqedədir. İdmançımız bu il keçirilmiş Paris “Böyük dəbilqə”sində bürünc medal qazanıb.
“Minsk 2019”da 60 kiloqram çəki dərəcəsində qalib olan Orxan Səfərov dünya reytinqində 39-cu, Kəramət Hüseynov 41-ci yeri tuturlar.
Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verən Cüdo Federasiyasının baş katibi Elmar Babanlı Azərbaycanın kişilərdən ibarət cüdo komandasında bütün çəkilərdə yüksək rəqabətin olduğunu bildirib və ikinci Avropa Oyunlarında da yüksək nəticənin əldə ediləcəyinə əminliyini bildirib. O, “Minsk 2019”da qadın cüdoçularımıza da güvəndiyini vurğulayıb.
Qadın cüdoçularımızın Avropa səviyyəli sonuncu yarışda əldə etdikləri nəticə medal ümidlərimizi daha da artırıb
Qadın cüdoçularımıza gəldikdə İrina Kindzerskanın (+78) adını bu il ən uğurla çıxış edən idmançılar sırasında çəkə bilərik. Dünya reytinqində dördüncü olan cüdoçumuz bu uğura son aylarda əldə etdiyi uğurlu çıxışı ilə nail olub. Bu il iştirak etdiyi “Böyük dəbilqə” turnirlərinin hər üçündə medal (bir gümüş, iki bürünc) qazanan, Antalya Qran-Prisinin qalibi olan İ.Kindzerska Olimpiya reytinqində daha yuxarı - üçüncü yerdə qərarlaşıb. Bu çəki dərəcəsində kubalı İdalis Ortis liderdir.
İ.Kindzerskadan başqa daha üç qadın cüdoçumuz “Minsk 2019”da qüvvəsini sınayacaq.
İyunun 1-2-də Rumıniyada keçirilmiş açıq Avropa kubokunda qadın cüdoçularımız uğurla çıxış edərək komanda hesabında beşinci nəticə göstəriblər. Komandamız bu göstərici ilə İngiltərə, Polşa, Macarıstan, Belçika, Hollandiya və digər ölkələrin yığmalarını qabaqlayıb. Bu yarışda medal qazanan üç idmançı “Minsk 2019”da mübarizə aparacaq. Onların arasında ən yüksək nəticə 52 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Gültac Məmmədəliyevaya məxsusdur. Bu il Antalya Qran-Prisinin bürünc medalına layiq görülmüş idmançı Rumıniyada bütün rəqiblərini məğlub edərək açıq Avropa kubokunun qalibi olub. Onun komanda yoldaşları Aişə Qurbanlı (48 kq) və İçinkorloo Münxtsedev (57 kq) də medal ümidlərimizi doğrulda bilərlər.
Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları iyunun 21-30-da keçiriləcək. Tarixdə ilk Avropa Oyunları isə 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub. “Bakı 2015”də 56 medal (21-15-20) qazanan Azərbaycan yığması komanda hesabında ikinci yeri tutub. Oyunların cüdo yarışlarında Orxan Səfərov (60 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olub.