AZƏRBAYCAN CÜDOÇUSU ELNUR MƏMMƏDLİ AVROPA CÜDO İTTİFAQININ REYTİNQİNDƏ BİRİNCİ YERİ TUTUR
AZƏRTAC xəbər verir ki, Avropa Cüdo İttifaqı lisenziya xalları qazanmış idmançıların yeni reytinq cədvəlini açıqlamışdır.
Azərbaycan idmançıları arasında ən yaxşı göstərici Pekin Yay Olimpiya oyunlarına artıq lisenziya qazanmış Elnur Məmmədlidir. Cüdoçumuz 270 xalla 73 kiloqram çəki dərəcəsində yarışan idmançıların siyahısına başçılıq edir. Digər Azərbaycan cüdoçusu Ramil Qasımov (66 kq) öz çəkisində 9-cu yerdədir. Mehman Əzizov və Elxan Rəcəbli isə (hər ikisi 81 kq) ötən aya nisbətən bir pillə geriləyərək 13-14-cü yerləri bölüşürlər. Azərbaycan idmançıları arasında Pekin Olimpiya Oyunlarına düşmək üçün 90 kiloqram çəki dərəcəsində yarışan Elxan Məmmədovun yaxşı imkanları var. Hazırda E.Məmmədov 150 xalla 4-cü yeri tutur.
Çexiyada keçirlmiş sonuncu Dünya kuboku turnirində iştirak etməyən Mövlud Mirəliyev (100 kq) siyahıda 5-ci sırada qərarlaşmışdır.
Qadın cüdoçularımızın mövqeyində nəzərəçarpacaq dəyişikliklər olmamışdır. Komandamızın lideri Kifayət Qasımova (57 kq) 4-cü, Ramilə Yusubova (63 kq) isə 23-cü yeri tutur.
Qeyd edək ki, kişilər arasında hər çəki dərəcəsində ilk doqquz yerin sahibi, qadınlar arasında isə birinci beş yeri tutmuş cüdoçular Pekin Olimpiadasına vəsiqə qazanacaqlar. Lisenziya qazanacaq idmançıların yekun siyahısı apreldə keçiriləcək Avropa çempionatından sonra məlum olacaqdır.