Azərbaycan diasporu Xocalı soyqırımı ilə əlaqədar Kanada parlamenti qarşısında aksiya keçirib
Bakı, 23 fevral, AZƏRTAC
Kanadadakı Azərbaycan diasporu paytaxt Ottavada parlamentin binası qarşısında etiraz aksiyası keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Vaterloo və Toronto universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunmuş aksiyada türk tələbələr də iştirak ediblər.
Aksiya Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı soyqırımının tanınmasına çağırış plakatları tutan tələbələr “Xocalıya ədalət!” şüarları səsləndiriblər.
Daha sonra aksiya iştirakçıları Ottavanın küçələri ilə Ermənistan səfirliyinə doğru hərəkət ediblər. Yürüş boyu gənclər yerli sakinləri məlumatlandırmaq məqsədilə onlara Xocalı faciəsi barədə broşür, jurnal və digər əyani vəsaitlər paylayıblar. Etiraz aksiyası Ermənistan səfirliyinin qarşısında erməni terrorizminə və işğala son qoymağa çağıran şüarların səsləndirilməsi ilə yekunlaşıb.