İQTİSADİYYAT
Azərbaycan “Digital Tajikistan” beynəlxalq forumunda təmsil olunur
Bakı, 25 noyabr, AZƏRTAC
Düşənbədə yeni “Digital Tajikistan” beynəlxalq forumu keçirilir.
AZƏRTAC “Xovar” informasiya agentliyinə istinadla xəbər verir ki, tədbir Tacikistanda pərakəndə maliyyə xidmətləri seqmentinin və sənayesinin rəqəmsallaşdırılmasının cari vəziyyəti və aktual məsələlərinə həsr olunub. Tədbirdə 90-dan çox məruzəçi çıxış edəcək, sərgi hissəsində isə Azərbaycan, Belarus, Almaniya, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Latviya, Litva, Moldova, BƏƏ, Oman, Pakistan, Polşa, Rusiya, ABŞ, Tacikistan və digərləri də daxil olmaqla 26 ölkədən 30-dan çox eksponent öz məhsul, texnologiya və xidmətlərini təqdim edəcək.
Forumun proqramına Tacikistanın müasir rəqəmsal cəmiyyətinin gələcək inkişafının, Sİ, e-GOV, bank işinin transformasiyasının, maliyyə texnologiyalarının, kibertəhlükəsizliyin, ticarət pərakəndə satışının, kütləvi distant xidmətlərin, habelə Tacikistan Respublikasının dövlət xidmətlərinin, iqtisadiyyatının və rəqəmsallaşmasının sürətləndirilməsinə yönəldilmiş qarşılıqlı faydalı dialoqun ən aktual aspektlərinin müzakirəsi daxildir. Startaplara, “qum qutusu tənzimləyiciləri”nə, bankların teleşirkətlərlə inteqrasiyasına xüsusi diqqət yetiriləcək.
Forum çərçivəsində fintech sənayesinin aparıcı mütəxəssisləri ilə görüşlərin keçirilməsi, ən qabaqcıl bilik və texnologiyalara çıxışın əldə edilməsi planlaşdırılır.
Bundan başqa, maliyyə texnologiyalarının gələcəyini dəyişdirən ən son texnoloji layihələri və yenilikləri kəşf etmək imkanı var.
Tədbir iştirakçıları “Rəqəmsal iqtisadiyyatın inkişafı və onun Tacikistanın iqtisadi inkişafına təsiri”, “Sənayedə innovativ texnologiyalar Tacikistan iqtisadiyyatının rəqəmsal transformasiyasının aparıcı qüvvəsi kimi”, “Dövlət sektorunun maliyyə texnologiyaları və rəqəmsal transformasiyası”, “Vergi sisteminin rəqəmsallaşdırılması: vergi inzibatçılığının təkmilləşdirilməsinə yeni yanaşmalar”, “İxrac-idxal proseslərinin təkmilləşdirilməsi üçün gömrük əməliyyatlarının rəqəmsallaşdırılması”, “Tacikistanda innovasiyaların və rəqəmsal texnologiyaların inkişaf perspektivləri” və digər aktual mövzuları müzakirə edəcəklər.