Azərbaycan dili və milli kimlik: elmi-fəlsəfi aspektdə baxış
Bakı, 19 fevral, AZƏRTAC
Dil xalqın varlığını, düşüncə tərzini və mənəvi dünyasını ifadə edən əsas amildir. Xalqın tarixi, mədəniyyəti, adət-ənənələri və milli ruhu məhz dil vasitəsilə nəsildən-nəslə ötürülür. Bu baxımdan Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də bizim milli kimliyimizin əsas sütunudur.
Bu fikirlər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bahar Məmmədovanın AZƏRTAC-a təqdim etdiyi “Dilimiz kimliyimizdir - Azərbaycan dili kontekstində elmi-fəlsəfi baxış” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Qloballaşan dünyada yad dillərin təsiri artsa da, ana dilinə sevgi və hörmət azalmamalıdır. Başqa dilləri bilmək zənginlikdir, lakin ana dilini unutmaq mənəvi itkidir. Ana dilinin qorunmasında ailənin, məktəbin və cəmiyyətin rolu böyükdür. Uşaqlara dilimizi sevdirmək, klassik ədəbiyyatımızı oxutmaq, Azərbaycan dilində düşünməyə və yazmağa təşviq etmək gələcəyimiz üçün atılan ən mühüm addımlardandır. Çünki dilini sevən insan Vətənini də sevər. Ana dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı, bu il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı səsləndirdiyi fikirlər Azərbaycan dilinin bu günü və gələcəyi ilə bağlı aydın istiqamət müəyyənləşdirən strateji çağırış, dövlətin dil siyasətində yeni mərhələyə keçidin ifadəsidir. Ölkə rəhbəri çıxış və müsahibələrində Azərbaycan dilini milli kimliyimizin və dövlətçiliyimizin əsas atributu kimi dəyərləndirib, dilin saflığının qorunmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısı xüsusilə dilə nəzarətsiz şəkildə xarici dillərdən alınma sözlərin daxil olmasına qarşı mövqeyini ifadə edib.
“Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən - istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm”. - Bu fikirlər bizim üçün olduqca qiymətli tövsiyələrdir.
Ölkə rəhbəri tərəfindən irəli sürülən dil siyasətində əsas məqsəd Azərbaycan dilinin qloballaşma şəraitində funksional imkanlarını genişləndirmək, onun elmi, texnoloji və mədəni sahələrdə rəqabət qabiliyyətini artırmaqdır. Bu isə dilin yalnız keçmişin mirası deyil, gələcəyin intellektual aləti kimi dəyərləndirildiyini göstərir. Elmi baxımdan yanaşdıqda, bu siyasət dilin sosial institut kimi davamlılığını təmin edən mühüm mexanizmdir.
Bu baxımdan dilin yalnız hüquqi statusunu deyil, eyni zamanda, onun milli-mənəvi təhlükəsizlik məsələsi kimi dəyərləndirildiyi ortaya qoyulur. Fəlsəfi baxımdan bu yanaşma dilin millətin ontoloji əsaslarından biri kimi qəbul edildiyini sübut edir. Çünki dilin zəifləməsi milli şüurun dağılması, dilin güclənməsi isə milli varlığın möhkəmlənməsi deməkdir. Azərbaycan dilini qorumaq sadəcə dilçilik problemi deyil, milli varlığın, mədəni davamlılığın və fəlsəfi özünüdərkin qorunmasıdır.
Dövlətimizin başçısının Azərbaycan dilinin qorunması təşəbbüsü elmi əsaslara söykənən, fəlsəfi dərinliyi olan milli strategiya səviyyəsindədir. Bu strategiya hər bir vətəndaşdan dilə məsuliyyətli münasibət tələb edir və ana dilinin qorunmasını ümummilli vəzifə kimi müəyyənləşdirir.