ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində onlayn təhsil uğurla davam etdirilir
![Azərbaycan Dillər Universitetində onlayn təhsil uğurla davam etdirilir](/files/2020/1/1200x630/15876491135792449302_1200x630.jpg)
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) təhsildə fasilə yaranmaması üçün videodərslər təşkil edilir, texniki imkanlar vasitəsilə tələbələrlə ünsiyyət yaradılır. ADU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr, həmçinin adu.edu.az saytında yerləşdirilən resurslardan (fənn sillabuslarından, proqram, PP prezentasiya və mühazirələrdən) faydalanırlar. Universitetin professor-müəllim heyəti, tələbələr və doktorantlar üçün kitabxana tərəfindən DSpace rəqəmsal kitabxanada dərslik və dərs vəsaitlərini açıq PDF variantda oxumaq, köçürmək, “Goole Drive”da yerləşdirmək və çap etmək imkanı yaradılıb. (Bunun üçün: adu.edu.az/ kitabxana DSpace, yaxud axtarışda http://217.64.17.124:8080/xmlui). Vaxtaşırı tərəfdaş universitetlərin və dünya kitabxanalarının açıq giriş (istifadə) elan olunan linklərinin yerləşdirilməsi də bu qəbildən olan işlərdəndir.
ADU Təhsil Nazirliyi tərəfindən təklif olunmuş “Microsoft Teams” platformasına qoşulmaq üçün müəllim və tələbə heyətinə lisenziyalar alıb. Bu da universitetin İKT şöbəsi və İnformasiya texnologiyaları kafedrasının vasitəsilə həyata keçirilib. Həmçinin mart ayının sonundan bu günə kimi ADU-nun məzunu - hazırda Kanadada yaşayan, 20 ildən artıq bu sahədə təcrübəsi olan (ESL Instructor, Trainer and Program Administrator) Fəridə Ağaməmmədovanın “Onlayn dərslərinin təhsilimizdə rolu və əhəmiyyəti” mövzusunda silsilə vebinarları təşkil olunur.