Azərbaycan Dillər Universitetində tələbə qəbulu planı 95,66 faiz yerinə yetirilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 1685, magistratura səviyyəsi üzrə 324 plan yeri nəzərdə tutulmuşdu. Tələbə qəbulunun nəticələrinə əsasən deyə bilərəm ki, builki qəbul planı 95,66 faiz yerinə yetirilib.
Bunu AZƏRTAC-a açıqlamasında ADU-nun Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova deyib. O bildirib ki, rəqabətliliyi artırmaq məqsədilə qəbul planında yeni ixtisaslar - ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim, təhsildə sosial-psixoloji xidmət, xarici dil müəllimliyi (rus dili üzrə), filologiya (rus dili və ədəbiyyatı) və s. nəzərdə tutulmuşdu. Bu ixtisaslara qəbul 100 faiz təşkil edir. Statistika göstərir ki, universitetimizə maraq ildən-ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə olan ehtiyacdırsa, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır. Universitetimizdə təşkil olunan tələbəyönümlü, mobil, yüksək keyfiyyətli tədris və bu istiqamətdə davam edən işlər sayəsində qəbul səviyyəmiz hər il artmaqdadır. Digər tərəfdən isə qəbul yerləri düzgün planlaşdırılır. Plan yerlərinin artırılması əsas şərt deyil. Əsas məsələ əmək bazarında ehtiyac duyulan ixtisaslara plan yerlərinin təklif olunmasıdır.
“Hazırda universitetdə tələbələrin qeydiyyatı prosesi davam edir. Qeydiyyat yekunlaşmadığı üçün ixtisaslar üzrə bal nisbəti haqda dəqiq fikir söyləyə bilmirəm. Lakin əminəm ki, bu istiqamətdə də universitetimiz ön sıralardadır”, - deyə Şəfəq Şahməmmədova bildirib.