Azərbaycan Dövlət İqtisad Universitetində 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin universitetin həyətində ucaldılmış abidəsi önünə güllər düzmüş, xatirələrini ehtiramla yad etmişlər.
Mərasimdə ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciəni əks etdirən sənədli film nümayiş olunmuşdur.
Universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev 1990-cı ilin Qanlı Yanvar günlərini xatırlatmış, sovet imperiyasının törətdiyi bu cinayət aksiyasını xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa yönəlmiş siyasətin acı nəticəsi kimi qiymətləndirmişdir. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya girərək dinc əhalini güllə-boran etmişlər. O müdhiş gecədə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara divan tutulmuş, günahsız qanlar axıdılmışdır. Faciə nəticəsində 147 nəfər şəhid olmuş, yüzlərlə insan yaralanmış və qanunsuz olaraq həbs edilmişdir. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla, ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi. İyirmi dörd il əvvəl ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Zaman keçsə də, əsrlər ötsə də 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, professor Rasim Həsənov və başqaları bu kədərli günlə bağlı xatirələrini bölüşmüş, şəhidlərin ruhuna rəhmət diləmişlər.
Sonra şəhid ailələrinə maddi yardım təqdim olunmuşdur.