ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetinin 85 illik yubileyi qeyd edilib VİDEO
Bakı, 24 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 85 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ADİU-nun tələbə və əməkdaşlarının əl işlərindən ibarət rəsm, karikatura və kitab sərgisi ilə tanış olublar.
ADİU-nun rektoru, professor Ədalət Muradov universitetin tarixi, fəaliyyəti, iştirak etdiyi beynəlxalq layihələrdən danışıb, kollektivi bu əlamətdar gün münasibətilə təbrik edib. Rektor bildirib ki, 85 illik fəaliyyəti dövründə bu ali məktəb minlərlə iqtisadçı hazırlayaraq sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, menecment, vergi sistemi və digər sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rol oynayıb.
Təhsil naziri Mikayıl Cabbarov ali təhsilin inkişafına özünəməxsus töhfələr verən İqtisad Universitetinin ölkənin sosial-iqtisadi problemlərinin həlli sahəsində əhəmiyyətli rolu olduğunu bildirib. ADİU-nun əsasını qoyan və inkişafında xidməti olanları ehtiramla yad edən M.Cabbarov müstəqil Azərbaycanın davamlı inkişafı naminə kollektivin gənc iqtisadçı kadrların yetişdirilməsi istiqamətində bundan sonra da uğurla çalışacağına ümidvar olduğunu bildirib.
Beynəlxalq Türk Akademiyasının rəhbəri, professor Darhan Kıdıralı yubiley münasibətilə kollektivi təbrik edib. Bu günlərdə ADİU-da təsis edilən Türk Dünyası İqtisadçılar Birliyinin əhəmiyyətindən söz açan D.Kıdıralı bildirib ki, türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi bu ölkələrin iqtisadi inkişafına mühüm töhfələr verəcək.
ADİU-nun 85 illik yubileyi münasibətilə universitetin bir qrup əməkdaşı “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif edilib.
Sonra universitetdə yeni yaradılan diskurs.az - virtual iqtisadi forumun təqdimatı olub.
Tədbir bədii hissə ilə başa çatıb.