AZƏRBAYCAN DÜNYA FUTBOLUNDA LAYİQLİ YER TUTACAQ
AFFA-nın prezidenti Ramiz Mirzəyev görüşü açaraq bildirdi ki, Türkiyədə tanınmış iş adamı olan Haluk Ulusoy müəyyən vaxtlarda dost ölkənin müxtəlif futbol klublarına başçılıq etmişdir. 1997-ci ildə ölkə Futbol Federasiyasının rəhbəri seçildikdən sonra Türkiyə futbolu dünya futbolunun liderlərindən birinə çevrilmişdir. Ölkə yığması 2002-ci il dünya çempionatının bürünc mükafatçısı olmuşdur.
Ramiz Mirzəyev xatırlatdı ki, ölkəmizdə Türkiyəyə böyük sevgi-sayğı var. Türkiyə yığma komandası 2002-ci il dünya çempionatının bürünc mükafatını qazandığı gün on minlərlə bakılı şəhərin küçələrinə çıxaraq, dost ölkə futbolçularının yüksək qələbəsini bayram etmişdi.
Cənab Haluk Ulusoy Azərbaycan-Türkiyə münasibətlərindən danışaraq dedi ki, Prezident Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” sözləri qardaşlığımızın rəmzinə çevrilmişdir. O, ümidvar olduğunu bildirdi ki, AFFA-nın yeni rəhbərliyi Azərbaycanda futbolun inkişafında köklü dəyişikliklərə nail olacaq, “Azərbaycan futbolu yaxın illərdə dünya və Avropa futbolunda layiqli yer tutacaqdır. Türkiyə isə AFFA-ya əlindən gələn köməyi edəcəkdir.
Sonda federasiyaların rəhbərləri bir-birinə xatirə hədiyyələri bağışladılar.