AZƏRBAYCAN DÜNYAYA ÇIXIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN “LA LETR DİPLOMATİK” JURNALINA MÜSAHİBƏSİ
Redaksiya Böyük İpək yolu üzərində, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın Xəzər dənizinin zəngin neft–qaz yataqlarının işlənilməsi sahəsində bölgədə mühüm rol oynadığını vurğulayır, müstəqil Azərbaycan dövlətinin memarı olan ümummilli liderimiz Heydər Əliyevdən sonra onun ideyalarını müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyevin müsahibəsində respublikanın gələcək inkişafı üçün öz proqramının əsas müddəaları barədə fransız oxucularına məlumat verdiyini bildirir.
AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.
- Cənab Prezident, Siz 2003-cü ilin oktyabrında Prezident seçilərək, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra uzun müddət ölkəyə rəhbərlik etmiş mərhum atanız Heydər Əliyevi bu vəzifədə əvəz etdiniz. Siz onun Azərbaycan üçün qoyub getdiyi irsi necə qiymətləndirirsiniz? Onun işini davam etdirmək istəyinizi nəzərə alsaq, Sizin fəaliyyət proqramınızın üstün istiqamətləri hansılardır?
- Cənab Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlər barədə bir müsahibə çərçivəsində danışmaq çox çətindir, çünki bu, çox geniş mövzunu əhatə edən bir məsələdir. Məsələnin mahiyyətinə varmaqdan ötrü cənab Heydər Əliyevin 1993-cü ildə Azərbaycana yenidən rəhbərliyə başladığı dövrə qısa nəzər salaq.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi ilk günlərdən xalqımız böyük tarixi sınaqlarla üzləşmişdi. Bu tarixi sınaqları bir sıra amillər şərtləndirirdi: bir tərəfdən, Ermənistanın Azərbaycana qarşı yüz minlərlə soydaşımızın tarixən məskunlaşdığı doğma yurdlarından didərgin düşməsi, şəhər, rayon və kəndlərimizin dağıdılması və digər faciələrlə müşayiət olunan hərbi təcavüzü, digər tərəfdən, Azərbaycanı müstəqil görmək istəməyən xarici qüvvələrin gənc dövlətimizə göstərdiyi təzyiqlər, ölkədə hakimiyyəti müvəqqəti ələ alan qüvvələrin müstəqillik pərdəsi altında Azərbaycanı başqa dövlətlərin təsiri altına salmaq niyyətləri, ayrı–ayrı fərdlərin və hərbi qruplaşmaların bütün vasitələrdən istifadə edərək hakimiyyəti zəbt etmək cəhdləri və s.
Azərbaycan iqtisadiyyatı iflic vəziyyətinə düşmüşdü. Həm dünya erməni lobbisinin Azərbaycan əleyhinə güclü dezinformasiya maşınını işə salması, həm də ölkədə müvəqqəti hakimiyyətdə olan adamların naşı siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuşdu. Vətəndaş müharibəsinin başlandığı Azərbaycanda ümumilikdə xaos hökm sürürdü.
Belə bir mürəkkəb vəziyyətdə 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan cənab Heydər Əliyev çox ağır və tarixi missiyanı öz üzərinə götürərək, ilk günlərdən bütün fəaliyyətini xalqımızın fəlakətdən çıxarılmasına yönəltdi. Qısa zaman ərzində ölkədəki hərc-mərcliyə son qoyuldu. Qanunsuz silahlı dəstələr ləğv edildi. Dövlət hakimiyyəti formalaşdı, ictimai-siyasi sabitlik bərqərar oldu. Cəbhə xəttində atəşkəsə nail olundu. Bu, bir tərəfdən, Ermənistanın davam etməkdə olan işğalının törətdiyi müharibədə xeyli sayda günahsız cavanlarımızın məhvinin qarşısını aldı, digər tərəfdən isə, müasir tələblərə uyğun, sərhədlərimizin toxunulmazlığının təminatçısı olan ordumuzun təşkili və quruculuğu baxımından ölkəmizə vaxt qazandırdı.
İflic vəziyyətinə düşmüş iqtisadiyyatımızın sağlamlaşdırılması, yenidən qurulması, ölkəyə yeni texnologiyaların gətirilməsi, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı fəaliyyət planı hazırlandı. Müstəqil Azərbaycan dövlətinin neft strategiyası müəyyənləşdirildi və onun həyata keçirilməsinə başlandı. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın bir sıra aparıcı neft şirkətləri arasında imzalanmış “Əsrin müqaviləsi” bu proseslərin sürətlənməsinə təkan verdi. Bu müqavilənin imzalanması ölkəmiz üçün təkcə iqtisadi deyil, həm də böyük siyasi önəm daşıyırdı. Bu, dünya birliyinin, dünyanın aparıcı dövlətlərinin Azərbaycandakı ictimai–siyasi sabitliyə, ölkənin gələcəyinə olan böyük inamının təzahürü idi. Bütün bunların nəticəsində ölkənin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıldı. Azərbaycan beynəlxalq iqtisadi əlaqələr sisteminə sürətlə inteqrasiya etməyə başladı, regional beynəlxalq iqtisadi layihələrdə fəal iştirak edən dövlətlərdən birinə çevrildi.
Ölkəmizin xarici siyasət xəttinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlı da çox mürəkkəb bir prosesin başlanğıcı qoyuldu. Keçmiş SSRİ respublikalarından, ümumiyyətlə, sosialist düşərgəsi məkanında yeni müstəqillik qazanmış bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycanda bu proses, yuxarıda qeyd etdiyim kimi, bir sıra obyektiv və subyektiv çətinliklərlə müşayiət olunurdu.
Belə bir tarixi şəraitdə dövlətimizin başçısı ölkəmizin xarici siyasət strategiyasının formalaşdırılması və həyata keçirilməsi istiqamətində titanik fəaliyyətə başladı. Cənab Heydər Əliyevin ölkə daxilində çox ağır problemlərin həlli ilə bağlı gərgin iş rejimində işləməsi ilə yanaşı, eyni zamanda, dünyanın xeyli sayda dövlət və hökumət başçıları, nüfuzlu siyasətçiləri ilə keçirdiyi görüşlər, mötəbər beynəlxalq təşkilatların tribunalarından etdiyi çıxışlar, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi geniş müsahibələr nəticəsində qısa bir zaman ərzində erməni lobbisinin ölkəmizi saldığı informasiya blokadası yarıldı. Azərbaycanın ATƏT, Avropa Şurası, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlara, ümumilikdə Avratlantik strukturlarına sürətlə inteqrasiyası başlandı. Dünya dövlətləri ilə xarici siyasət əlaqələrinin hüquq bərabərliyi və qarşılıqlı fayda prinsipləri əsasında qurulması nəticəsində Azərbaycan beynəlxalq aləmdə, sözün əsl mənasında, müstəqil siyasət həyata keçirən bir dövlət kimi öz layiqli yerini tutdu. Cənab Heydər Əliyevin zəngin siyasi təcrübəsi, bölgədə, ümumiyyətlə, dünyada gedən siyasi proseslərə qlobal mövqedən yanaşması hətta Azərbaycana qarşı açıq–aydın soyuq münasibət bəsləyən ölkələrlə də əlaqələrin normallaşdırılması və inkişaf etdirilməsinə gətirib çıxardı. Beləliklə, xarici siyasət sahəsində tarazlaşdırılmış münasibətlərin qurulması nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli dərəcədə möhkəmləndi.
Ümumiyyətlə, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuş cənab Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanması, inkişaf etdirilməsində, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasında müstəsna xidmətləri vardır.
Bir daha qeyd etmək istərdim ki, yuxarıda sadaladıqlarım cənab Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin yalnız müəyyən bir hissəsini təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan xalqı özünün ümummilli lideri cənab Heydər Əliyevin əziz xatirəsini yüksək tutur və mən əminəm ki, bütün azərbaycanlılar onun xatirəsini daim öz qəlblərində yaşadacaqlar.
Azərbaycan Respublikasının Prezidenti kimi mən gələcək fəaliyyətimdə də Heydər Əliyevin siyasətini ardıcıl surətdə davam etdirəcəyəm. Bu siyasətin əsas prioritetlərini isə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması, iqtisadiyyatımızın gələcəkdə də daha da inkişaf etdirilməsi, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılması, ölkəmizin beynəlxalq aləmdə əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycanın dünya birliyinə, o cümlədən Avropa xalqları ailəsinə daha sıx inteqrasiya olunması təşkil edir. Qədim tarixə, zəngin iqtisadi və mədəni potensiala malik olan Azərbaycan xalqının gələcək firavanlığı və əmin-amanlığı Prezident kimi mənim fəaliyyətimin əsasını təşkil edir və əminəm ki, biz əl-ələ verərək buna nail olacağıq.
- Azərbaycan MDB-nin ən dinamik inkişaf edən ölkələrindən biridir, 2001-ci ildən başlayaraq bir sıra mühüm struktur islahatları həyata keçirmişdir. İnkişafın daxili amillərini sağlamlaşdırmaq və təkmilləşdirmək üçün nə kimi işlər görülməlidir? Neft-qaz sahəsi Azərbaycan iqtisadiyyatının mühərriki olduğu şəraitdə Siz respublikanın gəlir mənbələrinin genişləndirilməsini nədə görürsünüz? Ölkənizdə hələ də mövcud olan xeyli sosial bərabərsizliyi nəzərə alaraq, yoxsulluqla mübarizə tədbirləri nədən ibarətdir?
- Azərbaycan Respublikası iqtisadi inkişaf sürətinə görə təkcə MDB ölkələri deyil, Şərqi Avropa ölkələri arasında da ön sırada gedən ölkələrdəndir. 1996-cı ildən etibarən Azərbaycanda genişmiqyaslı iqtisadi islahatlara başlanılmış və bunun nəticəsində ölkə qısa müddət ərzində çox böyük uğurlara nail olmuşdur. Belə ki, yeddi il ərzində ümumi daxili məhsulun orta illik artımı təxminən 10 faiz təşkil etmişdir. Ötən il bu göstərici 11 faizdən artıq olmuşdur. İnflyasiyanın səviyyəsi uzun illərdir ki, 2-3 faizdən yuxarı qalxmır. Əhalinin pul gəlirləri ildən-ilə artır. Azərbaycana böyük məbləğdə xarici sərmayələr qoyulur ki, bu da sərmayəçilərin ölkəmizə olan inamının və əlverişli sərmayə mühitinin mövcudluğunun göstəricisidir. Azərbaycanın neft-qaz sektorunun inkişafında da böyük nailiyyətlər qazanılmışdır. Xəzərin Azərbaycan sektorundakı yataqlara milyardlarla ABŞ dolları məqləğində sərmayə qoyulmuşdur ki, bu da artıq öz müsbət nəticəsini verir, gələcəkdə isə gəlirlərin çox böyük axınına gətirib çıxaracaqdır.
Azərbaycanda torpaq islahatı uğurla aparılmış və bunun nəticəsində yüz minlərlə kəndli torpaq mülkiyyətçisi olmuşdur.
Dövlət əmlakının özəlləşdirilməsi iqtisadiyyatımızda struktur islahatlarının ən mühüm istiqamətini təşkil edir. Özəlləşdirmə, habelə sahibkarlığın inkişaf etdirilməsi nəticəsində ümumi daxili məhsulda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 2003-cü ilin yekunlarına görə 73,4 faizə çatmışdır. Son zamanlar həyata keçirilmiş və ölkənin güclü iqtisadi potensialının tam reallaşdırılmasına yönəlmiş tədbirlər Azərbaycanın dayanıqlı iqtisadi inkişafında daxili amillərin rolunu artıracaq və müvafiq olaraq, xarici amillərdən asılılığı azaldacaqdır. Bu tədbirlər sistemi, ilk növbədə, qəbul edilmiş Yoxsulluğun azaldılması və iqtisadi inkişaf və Regionların sosial-iqtisadi inkişafı və digər dövlət proqramlarında ətraflı göstərilmişdir. Bunlar, ilk növbədə, iqtisadiyyatın həm sahəvi, həm də regional baxımından tarazlı inkişafının təmin edilməsi, struktur islahatlarının genişləndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, emal müəssisələrinin yaradılmasına dövlət dəstəyinin artırılması, sosial siyasət və sairdir.
Azərbaycanda neft gəlirlərinin səmərəli idarə olunması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmış, bu qurumun fəaliyyəti ilə bağlı beynəlxalq tələblərə cavab verən zəruri normativ-hüquqi sənədlər təsdiq edilmişdir.
Ölkəmizdə gəlir mənbələrinin genişləndirilməsi məqsədi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində böyük işlər görülür. Buraya normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektoruna sərmayələrin cəlb olunmasının stimullaşdırılması və s. istiqamətləri aid etmək olar.
Azərbaycanda sosial bərabərsizliyə gəlincə isə, bu, bir tərəfdən bazar iqtisadiyyatına keçid dövrünü yaşayan bütün ölkələrdə mövcud olan amillərlə şərtləndirilə bilər. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal olunması və bunun nəticəsində bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi də bu prosesə ciddi təsir edir. Lakin yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması və uğurlu iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində əhalinin yaşayış səviyyəsi ildən-ilə artır və yoxsulluğa qarşı mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir. Belə ki, 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, 2003-2005-ci illər üçün “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icra mərhələsinə başlanılmışdır. Proqramda Azərbaycandakı yoxsulluğun səviyyəsi, onun müxtəlif aspektləri təhlil edilmiş, yoxsulluğun azaldılması məqsədi ilə iqtisadiyyatda, sosial sahədə islahatların, institusional dəyişikliklərin əsas istiqamətləri göstərilmişdir. Mən əminəm ki, bütün bunların nəticəsində yaxın gələcəkdə yoxsulluğun səviyyəsinin xeyli dərəcədə azaldılmasına nail ola biləcəyik.
- Siz Qafqazın aparıcı iqtisadi qütbünə çevrilməli olan Azərbaycana regionda nə kimi yer ayırırsınız? Ölkəniz xarici sərmayələrə şəraiti yaxşılaşdırmaq üçün hansı tədbirləri həyata keçirmək niyyətindədir? Beynəlxalq maliyyə təşkilatları tərəfindən Sizə yenidən etimad göstərildiyinə əsaslanaraq, ölkədə maliyyə şəffaflığının gücləndirilməsi üçün nə kimi addımlar atmaq fikrindəsiniz? Dünya Ticarət Təşkilatına üzvlüyə namizəd olaraq, Azərbaycan gələcəkdə beynəlxalq iqtisadi sistemə tam inteqrasiya ediləcəyi vaxtı müəyyənləşdiribmi?
- Yuxarıda qeyd etdiyim kimi, ümumilikdə bütün MDB məkanında iqtisadi inkişaf sürətinə görə ön sıralarda gedən Azərbaycan təkcə iqtisadi deyil, bütün digər sahələrin inkişafına görə də Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir. Hazırda ölkəmiz regionda həyata keçirilən bütün qlobal iqtisadi layihələrin ən fəal iştirakçılarından biridir. İqtisadiyyata yatırılmış xarici sərmayənin adambaşına düşən həcminə görə də Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Belə ki, son on ildə ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 16,9 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur. Keçən ilin yekunlarına görə, xarici sərmayələrin həcmi 2002-ci illə müqayisədə 1,8 dəfədən çox artaraq, 3,3 milyard ABŞ dolları təşkil etmişdir. Ölkəmizdə sərmayə mühitinin bundan sonra da yaxşılaşdırılması məqsədi ilə qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, qeyri-neft sektorunun, regionlarımızın inkişafı və sair istiqamətlərdə kompleks işlər görülür. Proqnoz hesablamalarına görə, 2004-2008-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldiləcək sərmayələrin həcmi artmaqda davam edəcəkdir. Bu illər ərzində bütün maliyyə mənbələri hesabına 16,9 milyard ABŞ dollarından çox (son on ildəki qədər), o cümlədən daxili mənbələr hesabına 5,7 milyard ABŞ dolları, xarici mənbələr hesabına isə 11,2 milyard ABŞ dolları həcmində sərmayə cəlb olunacaqdır.
Son on ildə Azərbaycan beynəlxalq maliyyə təşkilatları ilə çox uğurlu əməkdaşlıq edir. Ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən müsbət qiymətləndirilmişdir. Azərbaycan hökuməti iqtisadi islahat tədbirlərini həyata keçirərkən bu təşkilatlarla məsləhətləşmələr aparmış, onların texniki və maliyyə yardımından istifadə etmişdir. Hazırda ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, dayanıqlı iqtisadi artıma nail olunmuş, mükəmməl bank və maliyyə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Şübhəsiz ki, Azərbaycanda son dövrlərdə əldə olunmuş böyük iqtisadi irəliləyişlər nəzərə alınmaqla, ölkəmiz milli maraqlarına əsaslanaraq, maliyyə təşkilatları ilə gələcəkdə də əməkdaşlığı davam etdirəcəkdir.
Hazırda maliyyə şəffaflığının gücləndirilməsi ölkəmiz qarşısında duran vacib məsələlərdən biridir. Bu məqsədin reallaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən ölkənin maliyyə sisteminin qəbul edilmiş büdcə sistemi haqqında qanuna və ona edilmiş dəyişikliklərə tam uyğunlaşdırılması, xəzinədarlıq sisteminin və dövlət satınalmaları sisteminin daha da təkmilləşdirilməsi, neft gəlirinin istifadəsi ilə bağlı uzunmüddətli strategiyanın qəbul edilməsi və s. planlaşdırılır.
İndi Azərbaycan iqtisadiyyatı beynəlxalq iqtisadi sistemə sürətlə inteqrasiya etməkdədir. Bu baxımdan Azərbaycan dünyanın bir çox iqtisadi təşkilatları, o cümlədən Dünya Ticarət Təşkilatı ilə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan Respublikasının bu təşkilata üzv olması prosesi 1997-ci ildə Azərbaycan hökumətinin üzvolma istəyini əks etdirən ərizənin DTT-yə təqdim olunmasından və ölkəmizin bu qurumda müşahidəçi statusu əldə etməsindən başlanmışdır. 2003-cü ilin avqust ayında Azərbaycan Respublikasının DTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiya yaradılmışdır. Komissiyanın yaradılmasından məqsəd Azərbaycan Respublikasının DTT-yə üzv olması prosesini sürətləndirməkdən, DTT ilə aparılacaq danışıqlarda vahid iqtisadi siyasətin təmin edilməsi üçün əlaqələndirməni həyata keçirməkdən ibarətdir. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında imzalanmış “Qrant sazişi”nə əsasən, 2003-cü ilin aprel ayından Azərbaycanın DTT-yə üzv olması üzrə Texniki yardım layihəsi fəaliyyət göstərməkdədir.
- SSRİ-nin süqutundan sonra Qafqaz regionu keçid dövrünə xas bir çox dəyişikliklərə məruz qalmışdır. Tbilisidə “qızıl güllər” inqilabı nəticəsində hakimiyyətin dincliklə dəyişməsinə Sizin münasibətiniz necədir? Sizcə, bu hadisə Azərbaycan-Gürcüstan münasibətlərində yeni eranın başlanmasına səbəb ola bilərmi?
- Doğrudan da, SSRİ dağıldıqdan sonra Qafqaz regionu, o cümlədən Cənubi Qafqaz siyasi proseslərin sürətlə inkişaf etməsi, xüsusilə də münaqişə zonalarının yaranması ilə müşayiət olunan transformasiyalara uğramışdır. Bütün bunlara baxmayaraq, Azərbaycanla qonşu Gürcüstan arasında əlaqələr qarşılıqlı anlaşma və dostluq münasibətlərinə söykənərək ilbəil inkişaf etmiş və Gürcüstanda gedən proseslər ölkəmizdə daim maraqla izlənilmişdir. Gürcüstanda bu il keçirilən prezident və parlament seçkiləri də Azərbaycanda diqqətlə izlənilirdi və biz əmin idik ki, Gürcüstanın yeni rəhbərliyi ölkədə gedən proseslərə tam nəzarət edəcək və bu proseslərlə bağlı ortaya çıxan ağır problemlər həll olunacaqdır. Biz çox məmnunuq ki, belə də oldu. Gürcüstanda sabitlik Azərbaycan üçün çox mühümdür. Bu baxımdan Gürcüstanın yeni seçilmiş Prezidenti cənab Mixail Saakaşvilinin atdığı addımlar mühüm rol oynayır. Gürcüstanla Azərbaycan qonşu, dost ölkələrdir. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin, mədəni əlaqələrin böyük tarixi vardır. Çox mühümdür ki, əsrlər boyu bu hisslər qorunub saxlanılmış, ölkələrimiz müstəqillik əldə etdikdən sonra isə münasibətlərimiz daha yüksək səviyyəyə qalxmışdır. Siyasi əlaqələrimiz çox fəaldır. Biz regional və dünya xarakterli məsələlərə dair siyasi məsləhətləşmələr aparırıq və demək olar ki, bütün istiqamətlər üzrə baxışlarımız uyğun gəlir. İki ölkəni ümumi iqtisadi layihələr də birləşdirir. Hazırda Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan kimi dünya səviyyəli layihə də həyata keçirilir.
Ölkələrimizin ərazi bütövlüyünün bərpası baxımından da ümumi problemləri mövcuddur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran təcavüzkar separatizmə məruz qalmışlar. Lakin biz əminik ki, Gürcüstanın da, Azərbaycanın da ərazi bütövlüyü beynəlxalq hüquq normalarına uyğun şəkildə bərpa ediləcəkdir. İki ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır və mən inanıram ki, münasibətlərimizin xalqlarımızın maraqlarına uyğun şəkildə dinamik inkişafı Cənubi Qafqazda ümumiyyətlə, bütün bölgədə sülhün və sabitliyin, regional əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir.
- Həm Sizin ölkəniz üçün, həm də bütün region üçün qeyri-sabitlik amili olan Dağlıq Qarabağ problemi Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafına əngəl törədir. Sizcə, bu münaqişənin həlli hansı amillərdən asılıdır? Siz bu məsələdə Minsk qrupunun vasitəçilik rolunu, xüsusən də, Rusiyanın mövqeyini necə qiymətləndirirsiniz?
- Həqiqətən də, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə ölkəmiz üçün deyil, ümumilikdə Avropa təhlükəsizlik arxitekturasında mühüm rol oynayan Cənubi Qafqaz regionu üçün sabitliyi əngəlləyən bir amilə çevrilmişdir. Uzun tarixçəsi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda ən böyük təhlükə mənbəyidir. Məlum olduğu kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon – ümumilikdə Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız ata-baba yurdlarından qovularaq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Faktiki olaraq, bu gün beynəlxalq ictimaiyyətin nəzarətindən kənarda olan və qanunsuzluq zonasına çevrilmiş bu ərazilərdə beynəlxalq səviyyəli mütəşəkkil cinayətkarlıq növləri geniş vüsət almışdır. Qeyri–konstruktiv mövqedən çıxış edən Ermənistan rəhbərliyi BMT-nin məlum dörd qətnaməsinə, ATƏT-in Lissabon sammitində bəyan olunmuş prinsiplərə və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələrinə məhəl qoymayaraq, bu günə kimi ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirir. Uzun illərdir ki, ATƏT-in Minsk qrupu ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə bu münaqişənin həlli ilə məşğuldur. Əfsuslar olsun ki, indiyə qədər bu istiqamətdə heç bir müsbət dəyişiklik yoxdur və münaqişə həll edilməmiş qalır. Bu baxımdan biz digər beynəlxalq təşkilatların da məsələyə diqqəti artıracağına ümid edirik. Düzdür, bu günə kimi Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra qətnamə, qərar və digər rəsmi sənədlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı öz əksini tapmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi dəstəklənmişdir. Lakin münaqişənin tez bir zamanda sülh yolu ilə həll edilməsi üçün bütün beynəlxalq təşkilatların, ümumilikdə beynəlxalq birliyin səylərinin artırılması vacibdir. Problemin həlli üçün, ilk növbədə, beynəlxalq hüquq normalarına, bu normaların əsasını təşkil edən ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əməl olunmalıdır və münaqişə yalnız bu norma və prinsiplər əsasında öz həllini tapa bilər. Yəni, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmalı, qaçqınlar, köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.
Ermənistan tərəfi bu təcavüzə və işğala bəraət qazandırmaq üçün, adətən, beynəlxalq hüququn digər bir prinsipindən çıxış etməyə çalışır. Onlar belə hesab edirlər ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Lakin mən belə bir faktı vurğulamaq istərdim ki, ermənilər artıq öz müqəddəratını Ermənistan dövləti çərçivəsində təyin etmişlər. Ermənilər müxtəlif ölkələrdə yaşayırlar və onların yaşadıqları hər bir ölkədə öz müqəddəratını təyin etməyə çalışacaqları təqdirdə, dünyada nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildir.
Belə bir məsələyə də toxunmaq istərdim ki, Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin qurulmasına dair tez-tez cağırışlar səslənir. Bu, cəfəng bir məsələdir. Dünyanın heç bir dövləti onun torpaqlarının bir qismini işğal etmiş başqa bir dövlətlə iqtisadi əməkdaşlıq edə bilməz. Ermənistan məhz özünün təcavüzkar siyasəti nəticəsində bu gün regionda həyata keçirilən beynəlxalq iqtisadi layihələrdən kənarda qalmışdır.
Münaqişənin həll edilməsindən ötrü yardımçı amillərdən danışarkən mən belə bir məsələni qeyd etmək istərdim ki, hazırda bizim ərazimizdə heç bir xarici hərbi baza yoxdur. Əgər Cənubi Qafqazın digər ölkələrində də buna nail olunarsa, əminəm ki, regionda tezliklə sülh və təhlükəsizlik bərqərar olar. Biz sülh şəraitində yaşamaq, iqtisadiyyatımızı, ölkəmizi daha da inkişaf etdirmək istəyirik. Cənubi Qafqaz regionunun sülh, sabitlik və firavanlıq şəraitində yaşamasını arzu edirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bunlara nail olmaq mümkün deyildir.
Buna görə də bir daha təkrar edirəm ki, beynəlxalq birlik Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması istiqamətində səylərini artırmalıdır.
Qeyd etmək istərdim ki, münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti indiyədək heç bir nəticə verməmişdir. Bu baxımdan biz ümid edirik ki, Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya Federasiyası bu sahədə fəallıqlarını artıracaqlar.
- Bu ilin fevralında Moskvaya rəsmi səfəriniz zamanı Azərbaycan ilə Rusiya arasında yeni sazişlər imzalandı. Siz iki ölkə arasında bugünkü münasibətləri necə qiymətləndirirsiniz? Siz Rusiyanın region ölkələri ilə, xüsusən ümumi Avrasiya məkanında sıx əlaqələrin bərpa edilməsi üçün, habelə MDB-nin kollektiv təhlükəsizlik müqaviləsinin gücləndirilməsi üçün göstərdiyi cəhdləri necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan ilə Rusiya arasında əlaqədər uğurla inkişaf edir. Bütün istiqamətlərdə çox yaxşı dinamika mövcuddur. Bizim aramızda çox ciddi siyasi dialoq, regional və beynəlxalq siyasət məsələlərində tam qarşılıqlı anlaşma var. İkitərəfli münasibətlərimizdə ildən-ilə böyük tərəqqi və bütün istiqamətlərdə əlaqələrin yaxşılaşması müşahidə olunur. 2000-ci ilin yanvar ayında Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Azərbaycana və bu ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin Rusiyaya rəsmi səfərləri zamanı imzalanmış sənədlər münasibətlərimizin gələcəkdə də inkişaf etdirilməsi baxımından hüquqi bazanın genişləndirilməsində mühüm rol oynamışdır.
Uğurlarımızı təsdiqləyən konkret misallardan danışarkən, Xəzər dənizinin statusu ilə əlaqədar Rusiya ilə Azərbaycan arasında siyasi qarşılıqlı anlaşmanı göstərmək olar. Azərbaycan ilə Rusiya arasında milli sektorlarımızı müəyyənləşdirən müvafiq saziş imzalanmışdır.
Hər iki ölkədə iqtisadiyyatın dinamik inkişafı, ümumi daxili məhsulun həcminin sabit şəkildə artması əmtəə dövriyyəsinin həcminin genişləndirilməsi üçün geniş zəmin yaradır.
Yanacaq-energetika sahəsində də əməkdaşlıq qarşılıqlı faydalılıq prinsipi əsasında inkişaf edir. İndi Azərbaycan nefti Rusiyanın Novorossiysk limanına nəql edilir. Ölkəmizə Rusiya ərazisindən qaz və elektrik enerjisi göndərilir.
Regional siyasət məsələlərində çox fəal qarşılıqlı anlaşma var, beynəlxalq siyasətin bir çox məsələlərində baxışlarımız uyğun gəlir.
Qeyd etdiyim kimi, Azərbaycan Rusiya ilə münasibətlərini sıx əməkdaşlıq üzərində qurur. Bu əməkdaşlıq həm ikitərəfli şəkildə, həm də çoxtərəfli münasibətlərdə uğurla həyata keçirilir və biz xalqımızın, dövlətimizin maraqlarının təmin olunması əsasında istər MDB çərçivəsində, istər regional səviyyədə, istərsə də daha geniş məkanda coxtərəfli əlaqələrin inkişafını normal proseslər kimi qiymətləndiririk.
MDB-nin kollektiv təhlükəsizlik müqaviləsinə gəldikdə isə, Azərbaycan bu müqavilənin iştirakçısı deyildir. Bunun əsas səbəblərindən biri Azərbaycana qarşı 15 ildən artıqdır təcavüz siyasətini həyata keçirən Ermənistanın həmin müqavilədə iştirak etməsidir.
- SSRİ-nin süqutundan sonra ən mühüm coğrafi-iqtisadi problemə çevrilən Xəzər dənizinin hüquqi statusu, habelə onun neft-qaz sərvətlərindən istifadə məsələsi indiyədək öz həllini tapmayıbdır. Bu məsələdə konsensusa nail olmaq üçün Azərbaycanın nə kimi təklifləri var? Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ilə əlaqədar ölkəniz öz neft-qaz sərvətlərini dünya bazarına çıxarmaq üçün hansı strategiyanı hazırlamışdır?
- Keçmiş SSRİ zamanı Xəzər dənizinin müvafiq sektorlara bölünməsi prinsipi mövcud idi və müttəfiq respublikalar Xəzər dənizinin mineral ehtiyatlarından istifadə edilməsini orta xətt prinsipi ilə müəyyən edilmiş sektorlar çərçivəsində həyata keçirirdilər. Hazırkı şəraitdə Xəzər dənizinin bölünməsi məsələsinə gəldikdə, Azərbaycan Respublikasının konseptual mövqeyinə görə, dəniz sahilyanı dövlətlərin suveren hüquqları və yurisdiksiyası şamil olunan müvafiq sektorlara bölünməlidir. Bu bölgü sahilyanı dövlətlər arasında orta xətt prinsipi nəzərə alınmaqla, bu dənizdə əldə edilmiş təcrübə, beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsipləri və sahilyanı dövlətlərin Xəzərdə suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməlidir.
Qeyd olunan prinsiplər Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2001-ci ilin noyabr ayında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2002-ci ilin sentyabr ayında imzalanmış sazişlərdə təsbit edilmişdir. Biz ümidvarıq ki, Xəzərin hüquqi statusu ilə əlaqədar yaxın zamanlarda digər Xəzəryanı dövlətlər də qarşılıqlı anlaşmaya gələcək və dənizin hüquqi statusu məsələsi tam həll olunacaqdır.
Məlum olduğu kimi, 1994-cü ildən başlayaraq, Azərbaycan özünün neft-qaz yataqlarının işlənilməsində böyük uğurlar əldə etmiş, Xəzər dənizinin Azərbaycan sektorunda xeyli iş görülmüşdür. Ölkəmizə milyardlarla dollar sərmayə qoyulmuş və 1997-ci ildə “Çıraq” yatağından ilkin neft hasil olunmuşdur. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri istismara verilmişdir ki, bu da Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında əhəmiyyətli rol oynamışdır. Əlbəttə, bütün bu dövrdə biz Azərbaycanda böyük ixrac neft kəmərinin inşasını qarşımıza məqsəd qoymuşduq ki, belə bir kəmər Azərbaycanda böyük həcmdə hasil olunacaq neftin dünya bazarına çıxarılmasına imkan versin.
Bu, artıq reallaşmaqdadır. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası uğurla aparılır. Bu layihənin təxminən 50 faizi həyata keçirilmişdir. Yaxın zamanlarda Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləcəkdir. Bu ilin fevral ayında Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar sənədlər imzalanmışdır. Həmin sənədlərin imzalanması Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin maliyyə məsələsinin son nöqtəsini təşkil etmişdir. Bu baxımdan dünyanın aparıcı qurumları tərəfindən verilən dəstək həm Bakı-Tbilisi-Ceyhan neft kəməri üçün, həm də gələcəkdə digər layihələr üçün böyük əhəmiyyət kəsb edir.
Biz gələcəkdə də Azərbaycanın neft-qaz yataqlarından səmərəli şəkildə istifadə olunmasını qarşımıza məqsəd qoymuşuq. Hazırda “Şahdəniz” layihəsinin həyata keçirilməsi məsələsi gündəlikdə durur. “Şahdəniz” Azərbaycanın Xəzər dənizindəki sektorunda, demək olar ki, ən böyük və ən zəngin qaz yataqlarından biridir. Bu layihə üzərində iş aparmaq üçün dünyanın müxtəlif ölkələrinin aparıcı şirkətlərindən ibarət konsorsium yaradılmışdır. Mən əminəm ki, biz bu layihənin də həyata keçməsinə nail olacağıq və bütün bu proseslər Azərbaycanı daha da gücləndirəcək, regionda mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi, ümumilikdə bölgədə sülhün və sabitliyin təmin olunması, xalqların həyat səviyyəsinin daha da yaxşılaşdırılması işinə xidmət edəcəkdir.
- Xəzər hövzəsinin neft-qaz ehtiyatlarının dünya bazarlarına ixracı layihələrinin inkişafı və beynəlxalq terrorizmin genişlənməsi kontekstində regionun təhlükəsizliyi öncül istiqamət olmalıdır. Təhlükəsizlik baxımından ölkəniz hansı regional əməkdaşlıq siyasəti aparmağı nəzərdə tutur?
- Bəli, Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması və beynəlxalq terrorizmin genişlənməsi kontekstində regional təhlükəsizliyin təmin olunması məsələsi bu gün ölkəmizin yerləşdiyi bölgə üçün ən önəmli məsələlərdən biridir. Cənubi Qafqaz bölgəsində uzun müddətdir ki, münaqişə ocaqlarının mövcud olması bu məsələnin aktuallığını daha da artırır. Bu gün Azərbaycan regionun və dünyanın qabaqcıl dövlətləri ilə dialoq və siyasi məsləhətləşmələr, təcrübə mübadiləsi apararaq, regional təhlükəsizliyin təmin olunması istiqamətində ikitərəfli və çoxtərəfli qaydada uğurlu əməkdaşlıq həyata keçirir, dövlətlərarası və hökumətlərarası sənədlərin hazırlanmasında yaxından iştirak edir. Lakin bir daha qeyd etmək istərdim ki, bölgəmizdə münaqişələrin həll olunmaması bütün bu proseslərə əngəllər törədir. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli regional təhlükəsizliyə böyük fayda vermiş olardı. Bu münaqişə həll edilməyənə qədər regionda sülh və sabitlik bərqərar ola bilməz. Ona görə də beynəlxalq birlik münaqişənin həlli üçün səylərini artırmalı və bu istiqamətdə konkret addımlar atmalıdır.
- Azərbaycan beynəlxalq terrorizmlə mübarizəyə yaxından qoşulmuşdur. Siz islam terrorizmi, xüsusən, İspaniyada, Türkiyədə, Mərakeşdə törədilən son terror aktları barədə nə düşünürsünüz? ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin 2003-cü ilin dekabrında Bakıya səfəri ilə əlaqədar Siz Birləşmiş Ştatlarla ölkənizin hərbi əməkdaşlığının gücləndirilməsi perspektivlərini necə görürsünüz?
- Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ən fəal iştirak edən dövlətlərdən biridir. Məlum 11 sentyabr hadisələrindən sonra Azərbaycan rəhbərliyi dərhal beynəlxalq terrorizmə qarşı koalisiyaya qoşulmaq barədə bəyanat verərək, bu sahədə real addımlar atmışdır. Azərbaycan Respublikası siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün formalarının pislənməsi mövqeyində qəti durur və beynəlxalq birliyin bu istiqamətdə səylərini tam dəstəkləyir.
Azərbaycan özü terrorizmin qurbanıdır. Ötən əsrin 80-ci illərinin sonlarına doğru Ermənistanın Azərbaycana qarşı təcavüzü başlandığı dövrdən Azərbaycan ərazisində erməni terrorçuları tərəfindən xeyli sayda terror aktı törədilmiş və bunun nəticəsində yüzlərlə günahsız insan ölmüş və yaralanmışdır. Bu baxımdan beynəlxalq terrorizmə qarşı mübarizə ölkəmiz üçün çox böyük aktuallıq kəsb edir. Biz İspaniyada, Türkiyədə, Mərakeşdə və digər ölkələrdə baş vermiş terror aktlarını qətiyyətlə pisləyirik. Eyni zamanda qeyd etmək istərdim ki, terrorizmlə mübarizə məsələsində qərəzli yanaşmaya da yol vermək olmaz. Terrorçunun dini və milliyyəti olmadığı kimi, ümumilikdə terrorizm də hansısa ayrılıqda götürülmüş dinə və ya mədəniyyətə aid edilə bilməz. Əks təqdirdə, beynəlxalq terrorizm kimi ümumbəşəri bəlaya qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi çətinləşər.
Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında hərbi əməkdaşlığa gəldikdə isə, deyə bilərəm ki, yaxın tərəfdaşlıq münasibətlərində olan ölkələrimizin bu əməkdaşlığı müxtəlif istiqamətlərdə uğurla həyata keçirilməkdədir. Beynəlxalq terrorizmlə mübarizədə yaxından iştirak edən Azərbaycan hərbçiləri Amerika əsgərləri ilə birlikdə beynəlxalq koalisiyanın qüvvələri tərkibində Kosovo, Əfqanıstan və İraqda sülhyaratma əməliyyatlarında iştirak edirlər. NATO çərçivəsində də əməkdaşlıq uğurla inkişaf edir. Müxtəlif səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir. ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin 2003-cü ilin dekabr ayında Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynamışdır. Mən əminəm ki, gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsi beynəlxalq təhlükəsizliyin təmin olunması, beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsi işinə xidmət edəcəkdir.
- 2001-ci il yanvarın 21-dən Avropa Şurasının üzvü olan ölkənizlə Avropa Birliyinin yaxınlaşması perspektivləri necədir? Bu baxımdan, AB-nin genişlənməsi Şərqi Avropa ölkələri üçün nə kimi üstünlüklər verir? TASİS və TRASECA kimi Avropa yardım proqramlarının əməli nəticələri necədir? Sizcə, bu əməkdaşlıq daha hansı sahələri əhatə edə bilər?
- Avropa ailəsinə sıx inteqrasiya etməkdə olan ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Birliyi ilə uğurlu əməkdaşlıq edir. Azərbaycanın bu təşkilatla hərtərəfli münasibətlərinin hüquqi əsasını 1996-cı ilin aprel ayında Lüksemburq şəhərində imzalanmış “Tərəfdaşlıq və əməkdaşlıq sazişi” təşkil edir. Yenə Lüksemburq şəhərində 1999-cu ilin iyun ayında keçirilən zirvə toplantısı zamanı Avropa Birliyinin Qafqaz ölkələri ilə əlaqələri barədə Birgə bəyannamə qəbul olunmuşdur. Həmin saziş Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və ticarət sahələrini əhatə edir.
Qeyd etmək istərdim ki, son zamanlar Avropa Birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də böyük diqqət göstərir. Bu, bizi çox sevindirir. Bir halda ki, Cənubi Qafqazda yerləşən ölkələr Avropa üçün yeni qonşulardır, əlbəttə, Avropa Birliyinin bu məsələ ilə ciddi məşğul olması təqdirəlayiqdir. Bu istiqamətdə artıq ilk addımlar atılmışdır. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin edilməsini buna misal göstərmək olar. Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Komitəsinin 2002-ci ilin iyul ayında keçirilən iclasında və Avropa Birliyinin 2002-ci ilin avqust ayında qəbul etdiyi bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün tanınması və Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesində Azərbaycanın çıxış etdiyi bir sıra mövqelərin dəstəklənməsi bu məsələnin beynəlxalq hüquq normalarına uyğun şəkildə öz həllini tapması istiqamətində Avropa Birliyinin gələcəkdə də səylərini artıracağına ümid verir. Mən əminəm ki, Azərbaycanın bu təşkilatla əlaqələri bundan sonra daha da inkişaf edəcək və ölkəmiz yaxın gələcəkdə Avropa Birliyinin fəal üzvlərindən birinə çevriləcəkdir.
Biz belə hesab edirik ki, hazırda Avropa Birliyinin Şərqi Avropaya genişlənməsi prosesi, ümumavropa inteqrasiyasının daha da sürətlənməsi keçid dövrünü yaşayan ölkələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılması və Avropa xalqlarının bir-birinə daha da yaxınlaşması işinə xidmət edir və əminik ki, Azərbaycan da bu proseslərdə daim yaxından iştirak edəcəkdir.
Azərbaycanın Avropa və Asiya arasında strateji mövqedə yerləşməsi onun digər dövlətlərlə iqtisadi əlaqələrinin müəyyənləşdirilməsinə böyük təsir göstərir. Qafqaz bölgəsinin şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşən Azərbaycandan tarixən ticarət yolları keçmişdir. Bu baxımdan Azərbaycan Avropa, Qafqaz və Mərkəzi Asiya arasında, habelə Xəzər dənizinin enerji daşıyıcılarının boru kəmərləri vasitəsilə Qərbə nəql edilməsində körpü rolunu oynamaq imkanına malikdir. Avropa Birliyi bu imkanların inkişaf etdirilməsi üçün TASİS proqramı çərçivəsində texniki yardım vasitəsilə Azərbaycana kömək göstərmək öhdəliyini üzərinə götürmüşdür. Avropa Birliyi TASİS proqramı ilə Avropadan Azərbaycana yeni texnologiyalar gətirən layihələri qrant şəklində maliyyələşdirərək, ölkəmizdə bazar iqtisadiyyatının və demokratik cəmiyyətin inkişafını təşviq edir. Avropa Komissiyası Azərbaycan hökuməti və habelə digər təşkilatlar ilə TASİS proqramı çərçivəsində maliyyələşdirməyə ehtiyacı olan əsas sektorları müəyyənləşdirmək üçün birgə fəaliyyət götərir. Eyni zamanda, bu proqram Azərbaycanda islahatların aparılmasına yardım göstərir. Bununla yanaşı, Avropa Birliyi Azərbaycana TASİS çərçivəsində Fövqəladə yardım proqramı üçün 30 milyon avro məbləğində vəsait ayırmışdır. Bu vəsaitin ayrılmasından məqsəd Azərbaycan şirkətləri tərəfindən həyata keçirilən layihələrin maliyyələşdirilmək və bunun nəticəsində dövlətimizin vəsaitlərinin sosial məsələlərin həll olunmasına istiqamətləndirməkdir. Avropa Birliyi TASİS Milli proqramı çərçivəsində 2002-2003-cü illər üçün Azərbaycana 14 milyon avro məbləğində vəsait ayırmışdır. Avropa Birliyinin Humanitar təşkilatı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən olan qaçqınlara və məcburi köçkünlərə indiyədək 92,17 milyon avro məbləğində humanitar yardım göstərmişdir. Qeyd etmək istərdim ki, Avropa Birliyinin ölkəmizə müxtəlif istiqamətlər üzrə ayırdığı vəsaitin ümumi həcmi 370 milyon avro təşkil edir.
“Yeni İpək yolu” adlandırılan TRASECA Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək üçün TASİS tərəfindən həyata keçirilən proqramdır və qədim zamanlardan tarixi İpək yolunun üzərində strateji mövqedə duran Azərbaycan bu layihədə Avropa Birliyinin ən əsas tərəfdaşıdır. TRASECA-nın məqsədi hazırda mövcud olan yollara əlavə olaraq, Avropadan Qara dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya ən tez və ən ucuz ikitərəfli yolun yaradılmasından ibarətdir. TRASECA, eyni zamanda, bölgədə avtomobil və dəmir yollarının təkmilləşdirilməsi üzrə layihələri maliyyələşdirir. Azərbaycan TRASECA-nı konseptual mərhələdən praktiki fazaya keçirən, 1998-ci ilin sentyabr ayında Bakıda zirvə toplantısı zamanı imzalanmış “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in hazırlanmasında fəal iştirak etmiş və proqramın daimi katibliyinin Bakıda yerləşməsi üzrə razılaşmaya nail olmuşdur. Eyni zamanda, TRASECA proqramı Azərbaycanı Gürcüstan ilə birləşdirən yeni körpünün tikilməsinə və XII əsrə aid qədim Qırmızı körpünün bərpa edilməsinə yardım göstərmişdir.
Azərbaycan-Avropa Birliyi münasibətlərinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur. Bu münasibətlərin gələcək inkişaf istiqamətləri “Tərəfdaşlıq və əməkdaşlıq sazişi”ndə və Lüksemburq Zirvə toplantısı zamanı qəbul olunmuş Birgə bəyannamədə təsbit edilmişdir. Əməkdaşlığın əsas istiqamətləri “Tərəfdaşlıq və əməkdaşlıq sazişi”nin həyata keçirilməsindən, ticarətin, sərmayələrin və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin təşviq edilməsindən ibarətdir və Avropa Birliyinin yardımı məhz bu sahələrə yönəldiləcəkdir.
Şübhəsiz ki, Azərbaycanın regionda mövqeyinin günü–gündən möhkəmlənməsi və ölkəmizin Cənubi Qafqazda bütün sahələrdə aparıcı dövlət olması faktları yaxın perspektivdə Avropa Birliyi – Azərbaycan əlaqələrinin istiqamət spektrlərinin daha da genişlənəcəyinə əminlik yaradır və Avropa Birliyinin Azərbaycanı uzunmüddətli tərəfdaş kimi qiymətləndirməsi bu proseslərin sürətlənməsinə xidmət edəcəkdir.
- Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Sizin bu il yanvarın 22-23-də Parisə ilk rəsmi səfəriniz Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Bu seçimin səbəbləri hansılardır? Bu iki ölkəni birləşdirən üstün əhəmiyyətli əlaqələr nədən ibarətdir? Fransız və Azərbaycan xalqlarının bir-birini daha yaxşı tanımasına kömək edən ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün, öz təcrübənizə arxalanaraq, nə kimi tədbirlər görmək lazımdır?
- Azərbaycan və Fransa xalqları arasında əlaqələrin, o cümlədən mədəni, ticarət əlaqələrinin tarixi çox zəngindir. XX əsrin sonlarına doğru Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildən başlayaraq bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qalxmış və ildən–ilə inkişaf etməyə başlamışdır. Təsadüfi deyildir ki, 1993-cü ildə Azərbaycan Prezidenti cənab Heydər Əliyev ilk səfərini Fransaya etmişdir. 2004-cü ildə də Azərbaycan Respublikasının Prezidenti ilk rəsmi səfərini Fransaya etmişdir. Bu, artıq ənənə halını almışdır.
Xüsusilə vurğulamaq istərdim ki, Prezident Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan–Fransa əlaqələri daim ölkə başçısının diqqətində olmuş və Fransa ilə münasibətlər Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Cənab Heydər Əliyevin Fransanın ən yüksək mükafatlarından olan “Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif edilməsi Fransa rəhbərliyinin Azərbaycan liderinin xidmətlərini yüksək qiymətləndirməsinin ifadəsidir.
Ölkələrimizi və xalqlarımızı bir–birinə bağlayan müxtəlif amillər vardır. Məlum olduğu kimi, strateji coğrafi mövqedə yerləşən Azərbaycan Şərqlə Qərb arasında daim körpü rolunu oynamışdır. Öz növbəsində, Fransa Avropanın tarixində ən mühüm rol oynayan ölkələrdən biri olmuşdur. Həm Azərbaycan, həm də Fransa xalqları çox qədim tarixə və zəngin mədəniyyətə malikdirlər. Bu gün ölkələrimiz arasında əlaqələrin gündən–günə inkişaf etməsi, həm qeyd etdiyim bu tarixi–mənəvi dəyərlərlə, həm də ölkələrimizin iqtisadi əməkdaşlıq maraqları ilə şərtləndirilə bilər.
Hazırda ölkələrimiz arasında uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq bütün sahələrdə öz gözəl nəticələrini verməkdədir. Siyasi sahədə əlaqələr qarşılıqlı anlaşma əsasında qurulur. Fransa həm də Avropanın ən aparıcı ölkələrindən biridir. Azərbaycanın da öz gələcəyini Avropa strukturlarına inteqrasiyada gördüyünü nəzərə alsaq, bu baxımdan da ikitərəfli münasibətlərimiz böyük əhəmiyyət kəsb edir.
İqtisadi sahədə də əməkdaşlığımız gündən-günə inkişaf etməkdədir. Fransa şirkətləri Azərbaycanın neft-qaz sənayesinə sərmayə qoyuluşunda fəal iştirak edirlər. Mən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında öz payına malik olan “Total” şirkətinin ölkəmizin neft sektorunda fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Ölkələrimiz arasında ticarət dövriyyəsi də xeyli artmışdır. Mədəni sahədə əlaqələrimiz də daim inkişaf etməkdədir. Bir sözlə, Fransa ilə bizi güclü dostluq əlaqələri bağlayır və əminəm ki, gələcəkdə bu əlaqələr daha da güclənəcəkdir. Ölkələrimiz arasında siyasi dialoqun daha da intensivləşdirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması, humanitar əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Mən əminəm ki, biz bu potensialdan tam şəkildə istifadə edərək, qarşımızda qoyulan məqsədlərə nail olacağıq və bütün bu proseslər xalqlarımızın gələcəkdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəkdir.
X X X
Jurnalın bu nömrəsində Senatın Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düponun Fransa ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafından və perspektivlərindən bəhs edən məqaləsi də verilmişdir. 2001-ci ildən bu qrupa rəhbərlik edən senatorun məqaləsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş əlaqələrin inkişafından, son zamanlar iqtisadi, siyasi və mədəni sahələrdə həyata keçirilmiş tədbirlərdən danışılır.
Ayrıca başlıq altında Bakı-Tbilisi-Ceyhan neft kəməri barədə verilmiş yazıda isə Xəzər dənizinin zəngin enerji ehtiyatlarından, dənizdəki neft yataqlarının istismarında bir çox xarici şirkətlərlə yanaşı, Fransanın “Total” şirkətinin də iştirakından, ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq bu kəmərin tikintisindən bəhs olunur.
Jurnalda Azərbaycanın paytaxtı, ərazisi, əhalisinin sayı, dili, milli bayramı, pul vahidi və s. barədə məlumatlarla bərabər, ölkəmizin iqtisadiyyatına, mədəniyyətinə, tarixinə və təbiətinə dair 36 rəngli şəkil də dərc edilmişdir.