AZƏRBAYCAN ƏDALƏTLİ OYUNLAR KOMİSSİYASININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 11-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Ədalətli Oyunlar Komissiyasının konfransı keçirilmişdir.
AƏOK-un sədri, MOK-un vitse-prezidenti Xəzər İsayev bildirmişdir ki, 1997-ci ildə yaradılan AƏOK-un məqsədi idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları cəzalandırmaqdan ibarətdir.
Xəzər İsayev idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda tez-tez ədalətsizliklərlə rastlaşdıqlarını qeyd etmişdir. Təşkilatın əsas məqsədi idmanda zorakılığa, millətçiliyə, dini və irqi ayrı-seçkiliyə yol verməmək, idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları cəzalandırmaqdan ibarətdir.
X.İsayev demişdir ki, 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının növbəti konqresinin Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AƏOK-un üzvləri Ülvi Quliyev, Fuad Muradov, AƏOK-un məsul katibi Səlhət Abbasova ölkədə bu sahəyə göstərilən diqqət və qayğının fonunda Azərbaycan idmançılarının ədalətli oyun prinsiplərinə riayət etmələrinin əhəmiyyətini qeyd etmişlər. Vurğulanmışdır ki, yarışların təmiz rəqabət şəraitində keçirilməsinə nail olmaq, dopinqə aludəçiliyin qarşısını almaq üçün ölkədə fəaliyyət göstərən bütün federasiyaların birgə əməkdaşlığı vacibdir.
Ədalətli oyun prinsiplərinə riayət edən ən yaxşı idmançılar, məşqçilər, hakimlər ilin yekunlarına əsasən, xüsusi mükafatlarla təltif olunacaqlar.