İQTİSADİYYAT
Azərbaycan enerji tənzimləmə sahəsinin inkişafı istiqamətində Almaniya ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 23 fevral, AZƏRTAC
Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ilə onlayn görüş keçirilib.
AERA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə, həmçinin Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyi (BMWi) və neft və qaz sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edib.
Agentliyin idarə heyətinin sədri Samir Axundov Azərbaycanda enerji tənzimləmə sahəsinin inkişafı istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib, bərpaolunan enerji, neft və qaz sahəsində mövcud və planlaşdırılan mühüm layihələrdən danışıb. O, həmçinin müvafiq sahədə Almaniya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann Azərbaycanda biznesin qurulması üzrə əsas şərtlər və investisiya mühiti barədə məlumat verib, eləcə də iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb.
Daha sonra neft və qaz sahələri ilə məşğul olan alman şirkətlərinin təmsilçiləri öz məhsul və xidmətləri haqqında təqdimatlar edib, onların inkişaf trendləri, ən son istiqamətlər, tenderlər və əməkdaşlıq imkanlarına dair sualları cavablandırılıb.