“AZƏRBAYCAN EPİSTOLYAR İRSİ” ADLI SAYTIN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Muzey Mərkəzində
Mədəniyyət və Turizm Nazirliyinin “Musiqi dünyası” jurnalı ilə birgə həyata keçirdiyi “Azərbaycanın epistolyar irsi” layihəsinin təqdimat mərasimi olmuşdur.
Veb saytda Azərbaycanın XX əsrdə yaşayıb-yaratmış 100-ə yaxın görkəmli dövlət, siyasət, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin əlyazmaları toplanmışdır. Respublikada fəaliyyət göstərən arxivlərdə, muzeylərdə, şəxsi fondlarda qorunub saxlanılan bu epistolyar irs 4000-ə yaxın məktubu əhatə edir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, “Musiqi dünyası” jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov və başqaları tədbirdə çıxış edərək, layihənin böyük əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, məşhur yazıçılar, şairlər, dövlət, elm, mədəniyyət və incəsənət xadimlərinin epistolyar irsi xüsusi maraq kəsb edərək, onların dünyaya baxışlarını, yaradıcılıq laboratoriyalarını, fəlsəfi fikirlərini, insanlara münasibətlərini, həyat tərzini, daxili aləmlərini əks etdirir.
Veb-saytda şəxsiyyətlər haqqında bioqrafik məlumatlar, onların müasirlərinə qarşılıqlı məktubları da internet istifadəçilərinin maraqlarına uyğun olaraq tərtib olunmuşdur.
İnternet əsrində, ən yeni informasiya texnologiyaları və mobil rabitə dövründə ötüb-keçən illəri canlandıran, ustadlarımız barədə xatirələri yaşadan məktublar milli-mədəni sərvətə çevrilərək, həm elmi ictimaiyyət üçün, həm də geniş internet istifadəçiləri üçün böyük əhəmiyyətə malikdir.
Layihənin həyata keçirilməsində xidmət göstərmiş insanlara minnətdarlıq ifadə edilən tədbirdə diqqətə çatdırılmışdır ki, təqdim olunan sayt yaxın günlərdə internet resurslarında yerləşdiriləcəkdir.